Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Zati-Aliləri cənab İlham Əliyevə

13 noyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Zati-Aliləri
cənab İlham Əliyevə

Nərimanov Rayonu İctimaiyyətinin
MÜRACİƏTİ

         Möhtərəm cənab Prezident!
         Müzəffər Ali Baş Komandan!

Sizin Ali rəhbərliyinız altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığınız zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamlarını, silahlı qüvvələrini darmadağın etdi, uzun illər işğal altında qalan torpaqlarımızı mənfur düşməndən azad etdi, rəhbərliyinizlə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Sizin və şanlı Ordumuzun qətiyyətli duruşu qarşısında düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Noyabrın 10-da Azərbaycan,  Rusiya və Ermənistan dövlət başçılarının birgə imzaladığı üçtərəfli  bəyanatla Ermənistan hökumətinin Azərbaycan  Respublikası Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı və 30 il həsrətlə gözlədiyimiz möhtəşəm o gün gəlib çatdı! Qələbə bizimlədir! Qarabağ artıq Azərbaycanındır!
Sizin torpaqlarımızın işğaldan azad olunması, müzəffər Azərbaycan Ordusunun qələbə qazanması münasibətilə geçə saatlarında xalqa müraciətinizi bütün Azərbaycan xalqı və dünya azərbaycanlıları kimi, Nərimanov rayon ictimaiyyəti də coşqu və fərəh hissi ilə qarşıladı. Respublikamızın bütün regionlarında olduğu kimi, Nərimanov rayonu ictimaiyyəti də böyükdən - kiçiyə hər kəs küçələrə axışdı. Gecədən davam edən izdihamlı yürüş, bayram əhval-ruhiyyəsi hazırda bütün ölkəni bürüyüb. Nərimanov rayonu sakinləri küçə və məhəllələrə toplaşaraq sevinc və qürur hisslərini paylaşırlar. Bəlkə heç vaxt şəhərimiz bu qədər üçrəngli bayrağımıza bürünməmişdir. Hər kəs əlində və ya çiynində milli bayrağımızla  izdihama qoşularaq “Yaşasın Ali Baş Komandan”, “Eşq olsun Azərbaycan Ordusuna”, “Qarabağ Azərbaycandır” şüarları səsləndirirlər. İnsanlar bir-birini təbrik edir, gözaydınlığı verir, sevinc göz yaşlarını saxlaya bilmirlər. Qələbə hissinin yaratdığı duyğuları bir-birilə paylaşan sakinlərimiz, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini böyük ehtiramla yad edir, qələbə sevincini bizlərə yaşatdığınıza görə Sizə və şanlı Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirirlər.

Möhtərəm cənab Prezident!
Hər bir azərbaycanlı bu gün qələbə sevincini yaşayarkən Ulu Öndərimiz Heydər Əliyevin Sizin barənizdə dediyi tarixi kəlmələri iftixar hissi ilə xatırlayır: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyininz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ötən 17 il ərzində Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək, onun ideyalarını inamla həyata keçirərək Siz Azərbaycan dövlətinin tarixində görünməmiş inkişafı reallığa çevirmisiniz. Bu gün yaşadığımız bu tarixi qələbə, ilk öncə Sizin bu illər ərzində əvəzolunmaz fəaliyyətinizin, Azərbaycanın Sizin sayənizdə qazandığı siyasi və iqtisadi uğurların bünövrəsində qurulmuşdur. Siz Yeni Azərbaycan tarixinin müəllifisiniz.  Biz Sizinlə fəxr edirik, qürur duyuruq! Xoşbəxtik ki, Sizin kimi yenilməz və əvəzsiz Prezidentimiz var, Siz bizim əbədi Prezidentimizsiniz!
Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır.  Bu tarixi hadisə ilə son bir neçə yüz il ərzində ilk dəfə olaraq Azərbaycan işğal olunmuş torpaqlarını özünə qaytardı, bununla da ərazi bütövlüyünü təmin etdi. Və  Sizin adınız bu qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb.

 

Müzəffər Ali Baş Komandan!
Noyabrın 11-də Siz və birinci xanım Mehriban Əliyeva  1 saylı Bakı Tibbi Kliniki Mərkəzdə müalicə olunan hərbçilərlə görüşünüzdə çıxış edərkən çox gözəl vurğuladınız:  “Biz bu müharibəni şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına dövlətimizin siyasəti hesabına qazanmışıq... Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir“. 
Bundan belə həyatımızın yeni dövrü başlayır. Bu gün qələbə sevincini öz canlarını qurban verməklə bizə yaşadan şəhidlərimizə Uca Allahdan rəhmət diləyirik, ailələrinə səbr diləyirik. Şəhid ailələrimizin, qazilərimizin və müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. Sizi əmin edirik ki, indiyədək olduğu kimi, onlar bundan sonra da hər zaman Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunacaq, tərəfimizdən görülən hər bir tədbir, atılan hər bir addım onların rifahının yaxşılaşmasına xidmət edəcək, onların hər bir məsələsi bizim iş fəaliyyətimizdə prioritet olaraq qalacaqdır.  
Sizin noyabrın 10-da xalqa tarixi müraciətinızdə dediyinız fikirlər hər bir azərbaycanlının uzun illər qulaqlarında səslənəcəkdir: “Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz”.

Möhtərəm cənab Prezident!
Sizi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı Nərimanov rayon ictimaiyyəti adından bu tarixi QƏLƏBƏ  münasibəti ilə, Doğma Qarabağımızın işğaldan azad olunması münasibətilə təbrik edir, Uca Tanrıdan Sizə möhkəm cansağlığı və Vətənimizin şanlı tarixini yazdığınız bu günlərdə Sizə bol-bol uğurlar arzulayırıq. Sizin dəmir yumruğunuz altında biz birik, hər zaman Sizinləyik.
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!

 


Dərin hörmət və ehtiramla,
Nərimanov rayonu ictimaiyyəti adından:
Rayon İcra Hakimiyyətinin başçısı                                                                              Abdin Fərzəliyev

Keçidlər