Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Azad Bəkirlinin anım günü Nərimanov rayonunda qeyd edildi

21 oktyabr 2021 | 16:00

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri, Nərimanov rayon sakini Azad Bəkirlinin bu gün anım günü qeyd olunub.
İlk öncə Milli Məclisin sədr müavini Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin üzvü Rasim Musabəyov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin nümayəndələri şəhidin ailə üzvləri ilə birgə onun məzarını ziyarət etmişdir. Daha sonra digər şəhid olmuş igid Vətən oğullarının da unudulmaz xatirəsi dərin ehtiramla yad edilərək məzarlarına əklil və güllər qoyulmuşdur.
Qeyd edək ki, şəhidin Vətən Müharibəsi zamanı göstərdiyi şücaət Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid Azad Bəkirlinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib, adına ehsan verilib, şəhidin ruhuna dualar oxunub.
Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Vətən Müharibəsinə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir. Daha sonra Milli Məclisin sədr müavini Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və digər tədbir iştirakçıları öz çıxışlarında vurğulamışlar ki, bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. Dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq 27 sentyabr - Anım günündəki yürüşdə Azadın da portreti qaldırılmışdır. Həmin portret xatirə olaraq şəhidin ailə üzvlərinə təqdim edilmiş, onlar isə öz növbəsində şəhidlərin xatirələrinə verilən qiymət və hörmətə, hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Keçidlər