Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyətində “2 Fevral Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilmişdir

02 fevral 2022 | 16:00

Bu gün Nərimanov Rayon İcra Hakimiyyətində “2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər, habelə gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsində fəal rol oynayan ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.
İştirakçılar ilk növbədə Nərimanov Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə tər gül düzərək, öz dərin hörmət və ehtiramlarını ifadə etmişlər.
Tədbir dövlət himninin səslənməsi ilə başlamışdır. Qonaqları salamlayan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin ölkəmizdə çox böyük uğurla davam etdiyini bildirmiş, nəticədə sağlam Azərbaycan gəncliyinin formalaşmasını, gənclərimizə hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək diqqət və qayğı göstərilməsini diqqətə çatdırmışdır. Rayon İcra Hakimiyyətinin də bu işə hər zaman dəstək olmasını, gənclərimizin vətənpərvər ruhda tərbiyə edilməsində, dövlətə və Vətənə sevgi kimi müqəddəs məhfumların aşılanmasında üzərlərinə qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışdıqları qeyd edilmişdir. Mütəmadi olaraq gənclərlə görüşlərin təşkili, onların asudə vaxtlarından səmərəli istifadəsinin təşkil edilməsi, zərərli vərdişlərdən uzaqlaşmaları üçün əllərində olan bütün imkanları səfərbər etdiklərini diqqətə çatdıraraq, “Gənclər günü” münasibətilə iştirakçıları səmimi qəlbdən təbrik etmişdir.
Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev çıxışında “Gənclər günü” münasibətilə iştirakçıları səmimi qəlbdən təbrik edərək, 25 il bundan əvvəl ölkəmizdə Ümummilli Lider Heydər Əliyev tərəfindən gənclər siyasətinin əsasının qoyulmasını, ölkəmizdə gənclər siyasətinin Ulu Öndər siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən çox böyük uğurla aparılmasını diqqətə çatdırdı. Gənclərimizin ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirakına diqqət çəkən Sədr müavini, Azərbaycan gəcliyinin bir yumruq kimi dövlət başçısının ətrafında birləşməsini bildirdi. Məhz hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuş gəncliyimizin Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuzun tabeliyində Vətən müharibəsində böyük şücaət göstərdiyini, əzəli və əbədi torpaqlarımızın düşmən işğalından birdəfəlik azad etdiyini və bizə tarixi qələbə bəxş etdiyini diqqətə çatdırdı. Milli Məclis sədrinin müavini Adil Əliyev çıxışında intelektual, savadlı, vətənpərvər gəncliyin yetişməsinə diqqət çəkərək, ölkəmizin gələcək inkişafında həmin gəncliyin üzərinə böyük vəzifələrin düşəcəyini diqqətə çatdırdı. Dünən dövlət başçısı tərəfindən imzalanmış “2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" Sərəncama toxunan Sədr müavini bu Sərəncamın ölkəmizdə gənclər siyasətinə verilən yüksək qiymətin əyani təcəssümü olmasını bildirmiş, “Gənclər günü” münasibətilə iştirakçıları təbrik edərək, fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov gənclərin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd edərək, gənclərimizin istər döyüş meydanında, istərsə də arxa cəbhədə fəal olduqlarını, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında xalqımıza tarixi Qələbə bəxş etdiklərini diqqətə çatdırdı.
Bundan əlavə, gəncləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılmışdır. Gənclər səmimi qəbula görə təşəkkürlərini bildirərək, ölkəmizdə gəncliyə yaradılmış geniş imkanlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Tədbirin yekununda il ərzində fərqlənən gənclərə Milli Məclisin Gənclər və İdman komitəsinin, habelə Nərimanov Rayon İcra Hakimiyyətinin “Fəxri Fərmanları” təqdim edilmişdir.

Keçidlər