Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiya Federasiyasının Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüş keçirilib.

18 iyun 2016 | 16:00

Bakıda keçirilən Formula 1 Avropa Qran Prisi ilə əlaqədar Həştərxan Vilayəti Dumasının sədri Aleksandr Klıkanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Nümayəndə heyətinin tərkibinə Həştərxan Vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri Denis Afanasyev, Həştərxan vilayətinin iş adamları və Formula 1 həvəskarı olan Həştərxan sakinləri daxildir.
Yarışlardan öncə, səfər çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüşü baş tutmuşdur.
Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılmış, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunmuş, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Xüsusilə qeyd olunub ki, Azərbaycan ilə Rusiya Federasiyası arasında əlaqələr xalqımızın Ümummilli Lider Heydər Əliyevin dövründə öz inkişafının yeni mərhələsinə qədəm qoymuş və bu gün Prezident cənab İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılıb.
Görüşdə Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanaraq, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində son illər böyük işlərin görüldüyü qeyd edilib.
A.Klıkanov Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində görülən işlərin xüsusilə diqqətəlayiq olduğunu qeyd edib.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda Ulu Öndər Heydər Əliyevə abidə ucaldılıb. Onun adını daşıyan park və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulmuş, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilib istifadəyə verilmiş, “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılmış,  Knyaz Vladimirin abidəsi ucaldılmış və “Meçta” uşaq əyləncə şəhərciyi salınmışdır.
Eyni zamanda görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Keçidlər