Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının on dördüncü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

11 dekabr 2017 | 16:00

11 dekabr 2017-ci il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətində anım tədbiri keçirilib.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Rayon  rəhbərliyi, Milli Məclisin deputatları, rayonun idarə və təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətinin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açaraq, Ulu Öndərin Azərbaycan xalqına qoyub getdiyi ən böyük mirasın məhz onun özünün müəllifi olaraq yaratdığı şah əsəri - müstəqil və suveren Azərbaycan dövlətinin olduğunu bəyan edib.


A.Fərzəliyev qeyri-adi şəxsiyyəti, böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsinin dahi şəxsiyyətin adı ilə bağlı olduğunu diqqətə çatdıraraq, 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən Azərbaycanın ən yeni tarixinin, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirib.
İcra başçısı, Ümummilli Liderin cismən aramızda olmadığı son on dörd ildə onun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycanın dövlətçiliyinin daha da gücləndiyini, ölkə həyatının bütün sahələrində inanılmaz bir tərəqqiyə nail  olunuğunu və ölkəmizin istər regionda, istərsə də dünya müstəvisində öz sözünü diqtə edən güclü bir qüvvəyə çevrildiyini və bu yolda inamla irəlilədiyini qeyd edib.


  Ulu öndərimizin, əbədiyaşar Prezidentimizin Fəxri xiyabandakı məzarının ötən illər ərzində qədirbilən xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrildiyini söyləyən natiq, demək olar ki, bütün il boyu insanların böyük izdihamla buraya gələrək, Azərbaycanı bütün dünyaya tanıtmış, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə etdiklərini xüsusilə vurğulayıb. 


Sonra Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin deputatı Adil Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Elmi Tədqiqat və Təbii Amillərlə Bərpa İnstitutunun direktoru Əlişir Musayev və Nərimanov Rayon Ağsaqqallar Şurasının üzvü Həmid Cəfərov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışıb, Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Ulu Öndərin ölkəmizin tərəqqisi naminə atdığı addımların, apardığı islahatların miqyasına görə onilliklərin çərçivəsinə sığmadığını, dahi liderin dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlərin respublikamızın beynəlxalq müstəvidə layiqli yer tutmasına əsaslı zəmin yaratdığını bildiriblər.


Natiqlər, Ümummilli Liderin xalqına olan sevgisindən, Azərbaycan dövlətçiliyinin qurulmasındakı tarixi rolundan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sosial-iqtisadi, elmi-mədəni yüksəlişdən iftixarla söhbət açaraq, Azərbaycanda sabitliyin bərqərar edilməsi, xalqımızın qədim tarixinin və zəngin mədəni irsinin beynəlxalq aləmdə tanıdılması, eləcə də Azərbaycan elminin inkişafının Ümummilli Liderin adı ilə bağlı olduğunu,  Azərbaycan xalqının həmişə Heydər Əliyev kimi qüdrətli dövlət xadiminə malik olmasından qürur hissi duyduğunu və Ulu Öndərin əziz xatirəsinin Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda daim dərin hörmətlə anılacağını vurğulayıblar.
Onlar Ulu Öndərin siyasi kursunu ləyaqət və böyük inamla davam etdirən dövlətimizin başçısının uzaqgörən və məqsədyönlü daxili və xarici siyasəti, həyata keçirdiyi ardıcıl və köklü islahatlar nəticəsində, bütün dünyanı bürüyən qlobal iqtisadi böhrana və münaqişələrə baxmayaraq, ölkəmizin bu gün dünyanın və regionun inkişaf etmiş dövləti olduğunu, regionun iqtisadi və siyasi mərkəzlərindən birinə çevrildiyini, həmçinin regionda ölkəmizin iştirakı olmadan heç bir qlobal layihənin həyata keçirilmədiyini diqqətə çatdırıblar.

Keçidlər