Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edib

02 may 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edib

Mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edirlər.
2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki Foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətlərin təmsilçiləri qatılıblar. Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu öyrənilir. Forum üç istiqamətdə davam edəcək.
Dövlətimizin başçısı V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söylədi.
Forum çərçivəsində mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə digər maraqlı tərəflərlə yanaşı, həm də siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında tərəfdaşlığın formalaşdırılması üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü nəzərdə tutulub. Eyni zamanda, iki gün ərzində “Akademik Forum: dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması”, “Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq”, “Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması”, “Sülh naminə çoxtərəflilik və diplomatiya”, “Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu” və digər mövzularda plenar və aralıq sessiyalar keçiriləcək. Həmçinin tədbir günlərində qonaqlar üçün sərgi də açılacaq, musiqili proqramlar təşkil ediləcək.
Beləliklə iki gün ərzində Bakıda müasir dünyanı narahat edən ən aktual məsələlər müzakirə mövzusu olacaq.
Dünyada sülh və bərabərliyin, qarşılıqlı etimadın və anlaşmanın əldə olunmasında bu Forum mühüm əhəmiyyət kəsb edir.

Keçidlər