Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Heydər Əliyev Mərkəzinin parkında rəngarəng “Uşaq festivalı” keçirilib

01 iyun 2022 | 10:27

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nərimanov rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən tədbirdə əraziyə giriş sərbəst olub.

Festivalda uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak edib.

Heydər Əliyev Mərkəzinin parkındakı festivalda müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunub. Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb. Belə ki, idmansevərlər üçün mini turnirlər, yarışlar, interaktiv oyunlar təşkil edilib, şahmat yarışlarında iştirak etmək, Olimpiya çempionları ilə görüş fürsəti yaradılıb.

Yüksək texnologiyaya maraq göstərən uşaqlar interaktiv dərslərdə dronların hazırlanma prosesi ilə də tanış ola biliblər. Arxeoloji meydançada bu sahəyə maraq göstərən uşaqlar şərti axtarış apararaq qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkar etmək fürsəti qazanıb. Mini fermada isə heyvanlarla ünsiyyət qurmaq imkanı yaradılıb.

Festival çərçivəsində uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edib. Art zona, kitabsevərlər guşəsi, rəqs, meydançaları, kater yarışı, konsert proqramları və digər əyləncələr balacalara gözəl xatirəyə dönəcək anlar yaşadıb. Keçirilən müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub.

Rəngarəng festivaldan uşaqlar da, valideyn və müəllimləri də məmnun qalıblar.

Heydər Əliyev Mərkəzinin parkı gün ərzində həm əyləncə, həm də bir yaradıcılıq məkanı kimi uşaqların ixtiyarına verilib və unudulmaz bayram sevinci yaşanılıb.

Keçidlər