Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

    Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nərimanov rayonunun inzibati ərazisi 20,17 kv.km., əhalisi isə 20.11.2020-cu il tarixə rəsmi qeydiyyatda 179800 nəfərdir.

Nərimanov rayonunun yaradılmasının əsası 1941-ci ildə qoyulmuşdur. 1941-ci ilin yanvar ayında Keşlə rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi yaradılmış, 1957-ci ilin avqust ayında isə Keşlə rayonunun adı dəyişdirilərək Nərimanov rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi adlandırılmışdır.

1959-cu ilin dekabr ayında Dzerjinski rayonu ləğv edilmiş və onun ərazisi 1960-cı ilin yanvar ayından Nərimanov rayonuna daxil edilmişdir. 27 avqust 1957-ci ildən 6 oktyabr 1977-ci ilədək Nərimanov rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi, 7 oktyabr 1977-ci ildən 17 oktyabr 1991-ci ilədək Nərimanov rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli Fərmanına əsasən Nərimanov rayon Xalq Deputatları Soveti ləğv edilmiş, onun əvəzində Nərimanov Rayon İcra Hakimiyyəti yaradılmış və bu adla 20 noyabr 1991-ci ildən fəaliyyət göstərir.

Nərimanov rayonu ərazisində 3 Sahə İnzibati Ərazi Dairəsi və Nərimanov Bələdiyyəsi fəaliyyət göstərir.

 

Rayon ərazisində 22 iri sənaye müəssisəsi, 6 Elmi Tədqiqat və Layihə İnstitutu, 10 bank və onların filialları, 9 rabitə müəssisəsi, 4 mehmanxana fəaliyyət göstərir.

İşçilərin sayına görə ən iri müəssisə « Baku Steel Company», ərazisinə görə isə ən iri müəssisə « Bakı Kondisioneri» ASC-dir.

Rayon ərazisində 8 ali məktəb, 22 orta məktəb, 3 lisey, 34 uşaq bağçası, 27 səhiyyə müəssisəsi, 9 xəstəxana, 4 tarixi abidə yerləşir. Əhalinin istirahəti və asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə rayonda 4 istirahət parkı, 1 mədəniyyət sarayı, 1 kinoteatr, 5 kitabxana(kitab fondu - 348183) fəaliyyət göstərir. Bütün bunlardan əlavə Bakı Heyvanat Parkı, Milli Olimpiya Komitəsi, T.Bəhramov adına Respublika Stadionu da Nərimanov rayonunun əraisində fəliyyət göstərir.

Habelə rayonda 15 siyasi partiyanın mərkəzi qərargahı, 32 ictimai təşkilat və birlik, 7 dini icma fəaliyyət göstərir. Rayonda həmçinin 86 nəfər Qarabağ Müharibəsi Veteranı, 305 nəfər Böyük Vətən Müharibəsi Veteranı, 12000 nəfər Əmək Veteranı, 2 nəfər Sosialist Əməyi Qəhrəmanı, 29 nəfər qocaman və əməkdar müəllim, 5 nəfər Prezident təqaüdçüsü yaşayır.

Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 3606 ailə (14645 nəfər) müvəqqəti məskunlaşmışdır.

Nərimanov Rayon İcra Hakimiyyəti öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə»yə, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarına müvafiq olaraq həyata keçirir.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 06.09.1993-cü il tarixli, 1751 nömrəli Sərəncamı ilə Rayon İcra Hakimiyyəti başçısının Kabineti fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyəti haqqında Əsasnamə»nin 9-cu maddəsinə uyğun olaraq Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 03.08.1999-cu il tarixli, 594 saylı Sərəncamı ilə İcra Hakimiyyəti başçısı yanında Şura yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir. İcra Hakimiyyətinin Başçısı yanında Şuranın iclasları «Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə»yə uyğun olaraq ayda bir dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərətçi orqan olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif və tövsiyələr əsasında Şuranın qərarları, zəruri hallarda isə Rayon İcra Hakimiyyəti başçısının Sərəncamları verilir. Hazırda Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın tərkibi 10 nəfərdən ibarətdir. Rayon İcra Hakimiyyətinin başçısı, birinci müavini və 2 müavini, Rayon Maliyyə İdarəsinin rəisi, 3 nəfər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, habelə 2 nəfər iri, qabacıl sənaye müəssisələrinin rəhbərləri Şuranın heyətindədirlər. Şura işini təsdiq olunmuş iş planına əsasən qurur.

Nərimanov rayonu ərazisində 3 Seçki Dairəsi -18 saylı Nərimanov-Nizami, 19 saylı Nərimanov birinci və 20 saylı Nərimanov ikinci Seçki Dairələri üzrə 70 məntəqə seçki komissiyaları fəaliyyət göstərir. «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq seçkilərə hazırlıq dövründə təbliğat və təşviqat işlərinin təşkili məqsədi ilə Nərimanov rayonu ərazisində fəaliyyət göstərən seçki dairələrinin hüdudları daxilində namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi üçün açıq və qapalı yerlərin, habelə təşviqat aparılması üçün yerlərin siyahısı müəyyənləşdirlib Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuşdur.

Keçidlər