Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidlərimiz

Vətən Müharibəsi Qəhrəmanı, polkovnik, şəhid Zaur Nudirəliyev

Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuşdur və 1992-ci ilə qədər orada təhsil almışdır.

Müharibənin yeni-yeni alovlandığı 1992-ci ildə Zaur Nudirəliyev sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə vermişdir. 1995-ci ildə oradan məzun olan Zaur Nudirəliyev, həmin ildəcə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə qəbul olmuşdur və 2000-ci ildə oranı "Təyyarəçi" ixtisası üzrə bitirmişdir. 2011-ci il noyabr ayının 2-dən 2013-cü il iyunun 24-nə qədər Almaniyanın Hürt şəhərində Alman dilinin öyrənilməsi məqsədi ilə General-Admirallar üçün Hərbi Liseydə təhsil almışdır.

Zaur Nudirəliyev 2000-ci ilin fevral ayından 2004-cü ilin iyul ayına qədər Kürdəmir aviabazasında 3-cü aviasiya eskadrilyasında aviasiya manqasının təyyarəçisi, 2004-cü ilin iyul ayından 2004-cü ilin dekabr ayına qədər isə həmin aviabazada 3-cü aviasiya eskadrilyasında aviasiya manqasının baş təyyarəçisi vəzifəsində xidmət eləmişdir. 2004-cü ilin dekabr ayından 2007-ci ilin mart ayına qədər Kürdəmir aviabazasında 1-ci aviasiya eskadrilyasında aviasiya manqasının baş təyyarəçisi olan Zaur Nudirəliyev, 2007-ci ilin mart ayından 2009-cu ilin dekabr ayına qədər həmin aviabazada 1-ci aviasiya eskadrilyasının Manqa Komandiri vəzifəsində xidmət eləmişdir. 2013-cü ildə Almaniya Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən mayor Zaur Nudirəliyevə diplom təqdim edilən zaman 2009-cu ilin dekabr ayından 2011-ci ilin may ayına qədər isə Kürdəmir aviabazasında 1-ci aviasiya eskadrilyası Komandirinin müavini-şturman vəzifəsində xidmət eləmişdir. 2011-ci ilin may ayından 2013-cü ilin noyabr ayına qədər Kürdəmir aviabazasında 1-ci aviasiya eskadrilyasının Qərargah rəisi olan Zaur Nudirəliyev, 2013-cü ilin noyabr ayından 2015-cü ilin avqust ayına qədər isə həmin aviabazada 1-ci aviasiya eskadrilyasının Komandiri olmuşdur. 2015-ci ilin avqust ayından Kürdəmir aviabazasında Komandirin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılma bölməsinin rəisi vəzifəsində xidmət edirdi. Zaur Nudirəliyev 20 il davam edən xidməti ərzində müdafiə naziri tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı və "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı ilə təltif edilmişdir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən Vətən Müharibəsində "Su-25" hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı verilmişdir və bu iş Zaur Nudirəliyevə tapşırılmışdır. O, nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etmişdir, həmçinin "Su-25" hücum təyyarəsindən lazer güdümlü bombaların birinci atışını reallaşdırmışdır. Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilmişdir, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 7 gün ərzində 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşunu reallaşdırdı. Oktyabrın 4-də Zaur Nudirəliyevin idarə etdiyi "Su-25" hücum təyyarəsi verilən döyüş tapşırığının yerinə yetirilməsi üçün Cəbrayıl rayonu istiqamətində təyin olunmuş hədəfə yaxınlaşan zaman Komanda İdarəetmə Məntəqəsinə Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının vasitələrinin hazır vəziyyətə gətirilməsi barədə məlumat daxil olmuşdur. Buna görə də "Su-25" hücum təyyarəsinin vurulma ehtimalı yaranmışdır. Dərhal Zaur Nudirəliyevə geri qayıtmaq tapşırığı verilmişdir. Həmin vaxt Zaur Nudirəliyev təyin olunmuş hədəfə zərbə endirib geri qayıdırdı. Bundan sonra o, çağırışa cavab vermədi. Artıq Zaur Nudirəliyevin idarə etdiyi "Su-25" hücum təyyarəsi Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulmuşdur. Ağır yaralanmasına baxmayaraq Zaur Nudirəliyev təyyarədən hatapult edə bilərdi. Amma o, Ermənistan tərəfinə əsir düşməməsi üçün təyyarəni Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırpmışdır və şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün isə Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyev ölümündən sonra "Vətən uğrunda", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə", 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Suqovuşanın azad olunmasına görə""Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

_________________________________________________________________________

 

Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətov

Azad Arif oğlu Hümbətov 24 yanvar 1996-cı ildə Bakı şəhərində doğulub. Azad Nərimanov rayonunda yerləşən 291 №-li “Ekologiya liseyi”ni əla qiymətlərlə bitirsə də respublikanın heç bir universitetində təhsilini davam etdirmək istəmir. O, hərb yolunu seçir.2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına qəbul olur. 2017-ci ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirir. Təyinatı və istəyi üzrə elə həmin ildən də ön cəbhədə, Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə öz vəzifəsinə başlayır.

Azad Hümbətov peşəkarlığını daha da artırmaq üçün Bakıda yerləşən Silahlı qüvvələrin təlim və tədris mərkəzində 45 gün müddətində zabit heyətinin təkmilləşdirmə kursunu keçərək baş leytenant hərbi rütbəsi alır. O, 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşıyır. Bu tədbirdən sonra ona “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı Müdafiə nazirliyi tərəfindən təqdim olunur.

Azad Hümbətovun 2020-ci ilin sentyabrında uşaqlıqdan boy verən arzuları - düşməndən qisas almaq, işğal altında olan torpaqları azad etmək xəyalları gerçəkləşir. O, Füzuli rayonundakı ermənilərin keçilməz sədd adlandırdığı cəbhə xəttinin yarılmasında qəhrəmanlıq göstərir. Tank tağımı komandiri olaraq öndə gedən Azadın döyüşçü yoldaşları da onunla bərabər düşmənə sarsıdıcı zərbələr endirirlər. O, tağım heyəti ilə bərabər düşmənin 5 tankını qənimət kimi ələ keçirmiş və öz mövqelərinə gətirib çıxarmışlar.

Baş leytenant Azad Hümbətov Füzuli, Xocavənd, Qubadlı, Laçın və digər cəbhələrdə düz bir ay yoruldum demədən, dincəlmədən sərasər döyüşür. Və son döyüşü...
27 oktyabr 2020-ci ildə Vətən müharibəsinin çox əhəmiyyətli və ən strateji mövqeyi olan Laçın dəhlizi uğrunda gedən döyüşlərdə son qəhrəmanlıqlarını göstərərək şəhid olur.

Baş leytenant Azad Hümbətov İkinci Fəxri Xiyabanda dəfn olunub.
9 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin sərəncamı ilə baş leytenant Hümbətov Azad Arif oğluna (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı adı verildi. Bundan sonra Azad Hümbətov 15 dekabr 2020-ci ildə “Vətən uğrunda”, 25 dekabr 2020-ci ildə isə “Füzulinin azad olunmasına görə”“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olundu.

_________________________________________________________________________

 

Vətən müharibəsinin şəhidi, polkovnik-leytenant  Qərib Baxşəliyev

Qərib Baxşəliyev 1977-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Nərimanov rayonunda 82 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı.

Qərib Baxşəliyev 1999-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində Motoatıcı Tağımın Komandiri vəzifəsində xidmət edib. 2000-ci ildə Tərtər rayonu istiqamətində Kontuziya alması nəticəsində xidmətini Azərbaycanda zabitlərin yetişdirilməsində xüsusi rolu olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib.
Qərib Baxşəliyev 2000-2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Taqım Komandiri, 2002-2010-cu illərdə həbi liseyin Tədris Bölüyünün Komandiri, 2010-2014-cü illərdə hərbi liseyin tərbiyəvi işlər bölməsində psixoloq, 2014-2016-cı illərdə isə hərbi liseyin şəxsi heyətlə iş üzrə şöbənin psixoloqu vəzifəsində xidmət edib.
2016-2019-cu illərdə Qərib Baxşəliyev əvvəl Heydər Əliyev adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərb tarixini tədris edib.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Qərib Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji hazırlığının artırılmasında rol oynayıb. Qərib Baxşəliyev noyabrın 3-də Zəngilan istiqamətində şəhid olub. Onun nəşi 32 gün erməni tərəfində saxlanıldığdan sonra II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhid Qərib Baxşəliyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.

__________________________________________________________________________

 

Vətən Müharibəsi şəhidi Məmmədov Sinan

Şəhid Məmmədov Sinan Məhəmməd oğlu 2000-ci il oktyabrın 9-da Bakı şəhərində anadan olub.

Sinan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

Sinan Məmmədov Vətən müharibəsində igidlik və mərdlik göstərərək 2020-ci il sentyabrın 29-da Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Sinan Məmmədov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə”“Vətən uğrunda” medalları ilə təltif edilib.

____________________________________________________________________________

 

 

Vətən Müharibəsi şəhidi Kamran Hüseynov

Kamran Hüseynov 1996-cı il avqustun 14-də Bakı şəhərində anadan olub. 2002-2013-cü illərdə Bakı şəhərində 287 saylı Zəkalar liseyində, 2013-2017-ci illərdə isə Naxçıvan Müəllimlər İnstitutunda təhsil alıb.

Kamran Hüseynov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Culfa rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 44 günlük Vətən müharibəsi başlayanda Kamran könüllü orduya yazılmışdı. Valideynlərinə isə döyüş bölgəsinə çatdıqdan sonra xəbər vermişdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamran Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Kamran Hüseynov oktyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kamran Hüseynov ölümündən sonra "Vətən uğrunda" və Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin  25  dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

_____________________________________________________________________________

 

Vətən Müharibəsi şəhidi Samir Sarıyev

Sarıyev Samir Əli oğlu 26.11.1993-cü ildə Şirvanda dünyaya gəlib.

O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 23 oktyabrda Füzuli rayon Alxanlı kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.

Ölümündən sonra "Vətən Uğrunda", Cəbrayıl və Füzuli rayonlarının azad olunmasına görə medalları ilə təltif olunub.

______________________________________________________________________________

 

 

 

Vətən Müharibəsi şəhidi Əhmədağa İsgəndərov

Əhmədağa Novruz oğlu İsgəndərov 20 sentyabr 1989-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri N.Nərimanov rayonu 82 nömrəli pilot-orta məktəbinin birinci sinifinə gedib. 2007-ci ildə həmin məktəbi bitirib və 614 balla Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və İdarəetmə fakültəsinin Menecment ixtisasına qəbul olunub, "əlaçı" təqaüdünə layiq görülüb. Universitetdə təhsil aldığı müddətdə ixtisasını dərindən mənimsəyib.

2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetindən məzun olan Əhmədağa elə həmin il Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında hərbi xidmətə çağırılıb. Mingəçevir şəhəri “N” saylı hərbi hissəsində xidmət edib və 2012-ci ildə xidmətini başa vurub.

Əhmədağa İsgəndərov hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə bir sıra təkmilləşdirmə kurslarında iştirak edib. Əhmədağa İsgəndərov Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, kadr inzibatçılığı və əmək haqqı sahəsində ölkənin aparıcı ekspertlərindən biri idi.

Əhmədağa İsgəndərov 21 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışa çağırılıb, 27 sentyabrda başlayan Vətən müharibəsinin ilk günlərindən cəbhədə döyüşlərə qatılıb. Cəbrayıl-Füzuli-Xocavənd istiqamətində ordumuzun uğurlu əməliyyatlarında iştirak edib. Əhmədağa İsgəndərov 7 oktyabrda Füzuli rayonu uğrunda gedən döyüşlərdə xidməti vəzifəsini icra edərkən qəhrəmancasına şəhidliyə yüksəlib. Bir gün sonra Kürdəxanı qəbristanlığında torpağa tapşırılıb.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən şəhid Əhmədağa İsgəndərov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

_________________________________________________________________________

Vətən Müharibəsi şəhidi Mehrac Əhədov

Mehrac 1999-cu il oktyabrın 30-da Şamaxı rayonunda dünyaya göz açıb.O, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

2020-ci il oktyabrın 21-də Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehrac Əhədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Mehrac Əhədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

_______________________________________________________________________________

 

 

Vətən Müharibəsi şəhidi Əli Qasımov

2001-ci ildә anadan olan Әli İbrahim oğlu Qasımov hәlә uşaq ikәn oyuncaq maşınlarına boyuk hәvәs gostәrirdi. Həqiqi hərbi xidmət zamanı "Ural" maşınının sürücüsü idi.

23 oktyabr 2020-ci il tarixində cəbhənin Tərtər rayonu ərazisində, Talış kəndi yaxınlığında döyüşçü yoldaşı olan sürücünü xilas edərkən şəhidlik zirvəsinə ucalıb.

Tovuz rayonunun Hacalı kəndində dəfn edilib.

______________________________________________________________________________

 

 

 

 

Vətən Müharibəsi şəhidi, gizir Ziyad Muradov

Ziyad Muradov 3 fevral 1991-ci il tarixində, Füzuli rayonunda anadan olmuşdur. 29 illik ömrünün cəmi iki ilini doğulduğu torpaqda yaşayıb. İgidimiz hər zaman Vətən həsrəti, torpaq sevgisi ilə böyüyüb.

Azərbaycan Ordusunun çavuşu olan Ziyad Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı bir çox döyüşlərdə qəhrəmanlıq göstərmişdir. Ziyad Muradov oktyabrın 22-də Hadrut döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Nərimanov rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ziyad Muradov ölümündən sonra "Xocavəndin azad olunmasına görə"“Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

_______________________________________________________________________________

 

Vətən Müharibəsi şəhidi Şirəli Adilov

Şəhid Şirəli İlham oğlu Adilov 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub. Uşaq yaşlarından ailənin bütün ağırlığı çiyinlərində olduğundan təhsilini yarımçıq qoyaraq işləməyə məcbur olub. Ən böyük arzusu isə bacı və qardaşının təhsil alması idi.

Aprel döyüşlərində könüllü iştirak edən qəhrəmanımız Vətən müharibəsinin də ilk günlərindən döyüşlərə qatılıb. Füzuli, Hadrut və Xocavənddə gedən döyüşlərdə düşmənlə mübarizə aparan Şirəli böyük qəhrəmanlıqlar göstərib. Şirəli Adilov oktyabrın 21-də qəhrəmancasına şəhidlik məqamına ucalıb.

Şirəli ölümündən olduqdan sonra "Vətən uğrunda""Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

_______________________________________________________________________________

 

 

 

Vətən Müharibəsi şəhidi Azad Bəkirli

Azad Rasim oğlu Bəkirli 27 sentyabr 1992-ci ildə Bakı şəhəri Nərimanov rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnformasiya Texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə ali təhsil alıb.

Hərbi xidmətini bitirdikdən sonra Bakı metropolitenində və "SOCAR Polymer" şirkətində çalışıb.

Tovuz döyüşlərindən sonra könüllü şəkildə qeydiyyata yazılan Azad Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində orduya qoşulub, Füzuli rayonu uğrunda gedən döyüşlərdə şücaət göstərib və Oktyabrın 20-də Füzulidə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Bəkirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

________________________________________________________________________________

 

Vətən Müharibəsi şəhidi Şəhriyar Qasımov

Qasımov Şəhriyar Vəzir oğlu 07.11.1995-ci ildə Bərdə rayonu Hüseyinbəyli kəndində anadan olub.

2013-cü ildə Bakı şəhərində məzun olub.  Məzun gününün köynəyində “Mən Qarabağı sevirəm” yazdırıb. 2013-cü il tarixində Hərbi xidmətə Tovuza yola düşüb. Xidmət dövründə, xidmətdə fərqləndiyi üçün kiçik çavuş rütbəsi alıb. Daha sonra Tovuz döyüşlərində iştirak üçün könüllü ön cəbhəyə gedib. 2015-ci ildə Azərbaycan Respublikası Yüksək Rabitə və informasiya texnologiyaları nazirliyinin Binəqədi rayonu filialında çalışıb.

2020 ci-il təhsilini artırmaqdan ötrü Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət peşə təhsil mərkəzinə daxil olub. Elə həmin ki il, yəni 2020-ci ildə könüllü olaraq, qismən səfərbərlik elan edilməmişdən öncə, Nərimanov rayonu Hərbi Komissarlığında qeydiyyatdan keçib. 29.09.2020-ci ildə cəbhəyə yollanıb. Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonu döyüşlərində fəal iştirak edərək, 25.10.2020-ildə qəhrəmancasına şəhid olub . Evin tək oğludur. Bir bacısı var.

________________________________________________________________________________

 

 

Vətən Müharibəsi şəhidi Ələddin Səidov

Səidov Ələddin Azər oğlu 17 iyun 1992-ci il tarixində Bakı şəhərinin Nərimanov rayonunda anadan olub.

O, 1998-2009-ci illərdə 193 nömrəli tam orta məktəbində təhsil alıb. 2009-2013-ci illərdə isə Azərbaycan Texniki Universitetinin Maşınqayırma və Robototexnika fakültəsində oxuyub. Nişanlı idi.
Azərbaycan Ordusunun əsgəri olan Ələddin Səidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərib. Ələddin Səidov noyabrın 3-də Şuşa döyüşləri zamanı şəhid olub.

Şəhid Bakı şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələddin Azər oğlu Səidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. O, həmçinin ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə də təltif olunub.

________________________________________________________________________________

 

Vətən müharibəsi şəhidi Murad Məmmədov

Məmmədov Murad İlham oğlu 15 dekabr 2000-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 37 saylı tam orta məktəbdə almışdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Nərimanov Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, Vətən Müharibəsində Cəbrayıl və Füzulinin alınmasında iştirak etmiş, Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək həlak olmuşdur.

Vətən müharibəsi şəhidi, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

________________________________________________________________________________

 

 

 

Vətən Müharibəsi şəhidi Səbuhi Sadıqov

Səbuhi Rövşən oğlu Sadıqov 9 may 1996–cı ildə Biləsuvar rayonunda anadan olmuşdur. Əslən Füzuli rayonundan olan Sadıqov Səbuhi Bakı şəhəri Nərimanov rayonu 73 saylı tam orta məktəbdə təhsil almışdır.

2014 – cü ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrdə 1il 6ay həqiqi hərbi xidmət etmişdir.

28 sentyabr 2020 – ci ildə Vətən Müharibəsinə könüllü olaraq yollanan, ailəsi ilə “Vətən dardadır” deyərək sağollaşan Səbuhi Sadıqov "dua et, ana, mən arzuma çatım" sözlərini demişdir. Səbuhi Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrində kəşfiyyatçı kimi 37 gün xidmət etmişdir. Füzuli, Xocavənd, Hadrut, Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. O, Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

5 noyabr 2020-ci ildə Füzuli rayonunun Əhmədbəyli kənd qəbirstanlığında dəfn olunmuşdur.

“Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

________________________________________________________________________________

 

Vətən Müharibəsi şəhidi Sənan Abdullayev

Sənan Şahin oğlu Abdullayev 1998-ci il noyabrın 1-də Bakıda anadan olub. Abdullayevlər ailəsinin 3 övladından ən kiçiyi olan Sənan 2005-ci ildən Nərimanov rayonundakı 37 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. Güləş, boks və qaydasız döyüşlə məşğul olan Sənan təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb.

Hərbi xidmətdə olarkən peşəkar kəşfiyyatçı kimi yetişib. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıdakı kitab mağazalarından birində satıcı kimi çalışan qəhrəmanımız sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü olaraq qatılıb.

Sənan oktyabrın 5-də Füzuli rayonunun Seyidəhmədli kəndində şəhid olsa da, onun ailə üzvləri uzun müddət bu hadisədən məlumatsız olublar.

Qeyd edək ki, kəşfiyyatçı Sənan Abdullayev cəbhənin Füzuli istiqamətində gedən hərbi əməliyyatlarda döyüşçü yoldaşları ilə birlikdə bir gün ərzində üç düşmən postunu ələ keçirib. Həmin döyüşlərdə misilsiz qəhrəmanlıq göstərən 22 yaşlı Sənan düşmən snayperinin açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olub.
Döyüşlərə yollanarkən yaşadığı məhəlləyə Azərbaycan bayrağı sancan Sənan Abdullayev II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Sənan Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

__________________________________________________________________________

Vətən müharibəsi şəhidi Əkbər Quliyev

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi Əkbər Güləhməd oğlu Quliyev 2000-ci il avqustun 18-də Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub.

Əkbər Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub. Əkbər Quliyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-ci il fevralın 16-da II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Əkbər Quliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər