Nərimanov rayonunda yeni salınmış parkda “Bakı və Həştərxan dostluğu” abidəsinin təməlqoyma mərasimi keçirilmişdir.
Dekabrın 19-da Bakının Nərimanov rayonunun ərazisində yeni salınmış parkda Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə “Bakı və Həştərxan dostluğu” abidəsinin təməlqoyma mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov demişdir ki, Azərbaycan ilə Rusiya əsrlər boyu mehriban qonşuluq əlaqələrinə malik olmuşlar. Xəzər dənizinin sahillərində yerləşən hər iki dövlət son illər ərzində daha yaxın münasibətlər qurmuşlar. Rusiya Federasiyasının prezidenti Vladimir Putinin 2001-ci ildə Azərbaycana rəsmi səfəri zamanı ulu öndər Heydər Əliyev ilə apardığı danışıqların nəticəsində iki xalq arasındakı münasibətlərin gələcək inkişafının əsası qoyulmuşdur.
Həştərxan Rusiyanın qabaqcıl regionlarındandır və bu region Azərbaycan ilə sıx iqtisadi əməkdaşlıq edir. 2010-cu ildə Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılmış, şəhərin “Bakinski” küçəsində 11 nömrəli orta məktəb və piyadalar üçün keçid körpüsü tikilib istifadəyə verilmişdir. Bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük rolu olmuşdur. Bu parkın açılışında da Mehriban xanım Əliyeva iştirak etmiş və onun təşəbbüsü ilə parka “Bakı-Həştərxan dostluq parkı” adı veriləcəkdir.
Mərasimdə çıxış edən Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin hələ Sovet İttifaqı dövründə Bakıya gələrək buradakı dostları ilə şəhəri gəzməsini xatırlayaraq demişdir ki, o dövrdə də, indi də azərbaycanlıların qonaqpərvərliyinin şəxsən şahidi olmuşdur. Bakı ötən dövrlə müqayisəyə gəlməz dərəcədə gözəlləşmişdir.
Qubernator demişdir ki, Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasındakı iqtisadi əlaqələrin əsası XIX əsrin əvvəllərində qoyulmuşdur. Hər iki ölkənin tacirləri tez-tez qarşılıqlı səfərlər edərək iqtisadi əlaqələri dostluq və mehriban qonşuluq əlaqələrinə çevirmişlər. Bu gün ata-babalarımızdan bizə miras qalmış münasibətlərimizi daha da yaxınlaşdırmalıyıq. Bu il Azərbaycan ilə Həştərxan arasındakı qarşılıqlı ticarət dövriyyəsi ötən ilə nisbətən 35 faiz artmışdır ki, bu da iqtisadi münasibətlərimizdəki irəliləyişin göstəricisidir.
Həştərxanda azərbaycanlıların çoxsaylı diasporu vardır. Vilayətdə yaşayan azərbaycanlılar həmişə öz intellektual səviyyələri, vətəndaş mövqeləri ilə seçilmişlər. Odur ki, azərbaycanlılarla rəsmi dairələr arasında nümunə ola biləcək yüksək səviyyədə əlaqələr qurulmuşdur. Bu əlaqələr Azərbaycan dövləti ilə Həştərxan vilayətinin yalnız iqtisadi deyil, humanitar sahələrdə də əməkdaşlığının inkişafına kömək edəcəkdir. Belə gözəl parkda dostluq abidəsinin ucaldılması Bakı ilə Həştərxanın münasibətlərinin növbəti inkişaf mərhələsinə qədəm qoyduğunu deməyə əsas verir.
Çıxışlardan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin xatirə müraciətini imzalamışlar.
Sonra imzalanmış müraciət gilizə yerləşdirilərək “Bakı və Həştərxan dostluğu” abidəsinin təməlinə qoyulmuşdur.
Mərasimdə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, ölkəmizdə səfərdə olan Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Adil Əliyev və Rasim Musabəyov, o cümlədən digər rəsmi şəxslər iştirak ediblər.