Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Yeni il bayramı ərəfəsində Bakıdakı Psixonevroloji Mərkəzin, 1 nömrəli uşaq evinin və qızlar yataqxanasının sakinləri ilə görüşmüşdür

25 dekabr 2012 | 16:00

Uşaqlara qayğı Heydər Əliyev Fondunun fəaliyyətinin prioritetlərindəndir. Xüsusilə də Fond sağlamlığı məhdud, valideyn qayğısından məhrum olan balacaları daim diqqətdə saxlayır. Fondun təşəbbüsü ilə Bakının Nərimanov rayonunda yaradılan Uşaq Psixonevroloji Mərkəzindəki balacalar da hər cür qayğı ilə əhatə edilmişlər.
Yeni il ərəfəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Mərkəzə gələrək uşaqlarla görüşmüşdür.
Balacaların şəraiti ilə maraqlanan Leyla xanım Əliyeva Mərkəzdə yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqların Yeni il bayramı üçün hazırladıqları səhnəciklərə tamaşa etdi. Bayram əhval-ruhiyyəsində olan balacalar bir-birindən maraqlı mahnılar, şux rəqslər təqdim etdilər. Şaxta baba və Qar qızın gəlişindən sonra bayram proqramı daha da maraqlı oldu. Uşaqlar onları təbrik edən Şaxta baba və Qar qızla yolka ətrafında dövrə vurub rəqs etdilər.
Heydər Əliyev Fondunun bayram hədiyyələri isə balacaların sevincini daha da artırdı.
Sonra Leyla xanım Əliyeva Mərkəzdə yaradılmış şəraitlə maraqlandı. Məlumat verildi ki, 100 çarpayılıq Mərkəzdə uşaqların yaşayışı, müalicəsi, xüsusi təhsilə yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə psixoloq, okulist, psixonevroloq, kiçik manupulyasiya, nevropotoloq-loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları vardır. Burada autizm, uşaq serebral iflici və formaları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən əziyyət çəkən uşaqlar müalicə olunurlar. Mərkəzdə bu sahədə dünyada tətbiq olunan müasir proqramlardan istifadə edilir. Bunun üçün burada bütün lazımi avadanlıq vardır. Uşaqların müalicəsi, təlim-tərbiyəsi ilə tibbi, pedaqoji və texniki heyət məşğul olur.
Leyla xanım Əliyeva balacalarla söhbət etdi, onların istək və arzuları ilə maraqlandı.
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva paytaxtın Nizami rayonundakı 1 nömrəli uşaq evində və 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən qızlar yataqxanasında oldu.
 

Keçidlər