Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçısı Fatma Səttarova anadan olmasının 90 illik yubileyi münasibəti ilə təbrik edilmişdir.
25 dekabr 2012-ci il tarixdə Böyük Vətən müharibəsi iştirakçısı Səttarova Fatma Hüseyn qızının 90 yaşı tamam olmuşdur. Fatma Səttarova Böyük Vətən müharibəsi dövründə tibb bacısı olaraq Azərbaycan oğulları ilə bərabər könüllü surətdə cəbhəyə yollanmışdır.
Müharibə illərində müxtəlif hospitallarda xidmət etmiş, həmçinin Leninqradın blokadasında və Moskva ətrafı döyüşlərdə iştirak etmişdir. Fatma Səttarova müharibə qurtardıqdan sonra Vətənə qayıdaraq ali təhsil almış və dövlət idarələrində müxtəlif vəzifələrdə çalışmışdır. Nərimanov rayonunun ictimai-mədəni həyatında böyük xidmətləri olan Fatma Səttarova müharibədə iştirakı və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında göstərdiyi xidmətlərə görə müxtəlif orden və medallarla təltif edilmişdir.
Fatma Səttarovanın 90 illik yubileyi münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları onun yaşadığı mənzildə olmuş və yubilyarı RİH-in başçısı Abdin Fərzəliyev və icra aparatı adından gül və hədiyyələr təqdim edərək təbrik etmiş və uzun ömür, can sağlığı arzulamışlar.