“KÖNÜLLÜ QONAQ” NƏRİMANOV RAYONUNDA
“KÖNÜLLÜ QONAQ” NƏRİMANOV RAYONUNDA
Öz fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən Respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bu günədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən növbəti olaraq “Könüllü qonaq” aksiyasına start verilmişdir. Aksiyanın məqsədi karantin rejimi ilə əlaqədər tənha yaşayan yaşlı insanlara könüllülərin ziyarətini təşkil etmək, onlara tək olmadıqlarını hiss etdirmək, onlara sosial distansiya və davranış qaydalarını izah etmək, sağlamlıqlarının qorunması üçün maarifləndirmə işləri aparmaqdan ibarətdir.
Böyük fəallıqla və həvəslə bu nəcib və maraqlı aksiyaya qoşulan könüllülər 16 iyun 2020-ci il tarixdən fəaliyyətə keçərək, müxtəlif könüllü təşkilatlarının nümayəndələrindən ibarət qruplar təşkil edilməklə Nərimanov rayonunda yaşayan tənha və imkansız yaşlıların evlərində onlara sosial məişət xidməti göstərməyə başlamışlar. Könüllülər xüsusi karantin rejiminin qaydalarına ciddi şəkildə əməl edərək, tibbi maskadan, əlcəkdən və digər qoruyucu vasitələrdən istifadə etməklə, eləcə də sosial ara məsafənin saxlanılması şərti ilə tənha yaşlılara evlərində təmizlik işlərinin görülməsində, yemək hazırlanmasında, gündəlik lazımi ərzaq məhsullarının alınıb çatdırılmasında, həyət tipli evlərdə həyətyanı sahənin təmizlənməsi və sair işlərdə köməklik göstərmişlər.
Bu səpgidən olan tədbirlər vasitəsi ilə könüllülər yeni növ COVİD- 19 koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə mübarizədə dövlətimizə və xalqımıza dəstək olduqlarını bir daha nümayiş etdirmişlər.