Uşaq Psixonevroloji Mərkəzində Yeni il şənliyi təşkil olunmuşdur.
Nərimanov rayonunda yerləşən bir çox səhiyyə və təhsil müəssisələrində olduğu kimi 26 dekabr 2012-ci il tarixdə Uşaq Psixonevroloji Mərkəzində Yeni il bayramı ilə əlaqədar mərkəzin rəhbərliyi və əməkdaşları tərəfindən xüsusi bayram şənliyi təşkil olunmuşdur.
Tibb müəssisəsində keçirilən tədbirdə Psixonevroloji Mərkəzdə müalicə olunan uşaqlar maraqlı ədəbi-bədii kompozisiya, səhnəciklər nümayiş etdirmiş, şən mahnılar söyləmiş və rəqs etmişlər. Hətta uşaqlar müxtəlif dillərdə şeirlər söyləyərək, mahnı ifa edərək öz bacarıqlarını ifadə etmişlər. Şənlikdə iştirak edənlər fiziki məhdudiyyətləri olan bu körpələrin istedad və bacarıqlarına heyran qalmışlar.
Tədbirin sonunda söz valideynlərə və qonaqlara verildi. Çıxış üçün söz alan valideynlər bu mərkəzin tikilməsində əməyi olan Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, uşaqlara göstərdikləri qayğıya, onların sağlamlığı uğrunda sərf etdiyi əməyə görə mərkəzin rəhbərliyi və əməkdaşlarına təşəkkür etmişlər.
Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdiri Zülfüqar Qasımov çıxış edərək bütün uşaqları və Mərkəzin kollektivini bayram münasibəti ilə təbrik etmiş, rayon rəhbərliyi səviyyəsində daim əqli və fiziki məhdudiyyətləri olan körpələrə qayğı və diqqət göstəriləcəyini qeyd edərək, Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev adından Mərkəzə hədiyyə təqdim etmişdir.
Sonda Uşaq Psixonevroloji Mərkəzin direktoru İradə Musayeva dövlətimizin başçısı Prezident cənab İlham Əliyevə və Birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Rayon İcra Hakimiyyətinə, bu cür gözəl mərkəzin tikilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirmiş və Mərkəzin yüksək səviyyədə fəaliyyətinin davam etdirilməsi üçün yaradılan şəraitdən razılığını ifadə etmişdir.