Şriftin ölçüsü :

Saytın rəngi :

Təxribata layiqli cavab

28 sentyabr 2020 | 16:00

Təxribata layiqli cavab

Bildiyiniz kimi Ermənistan ordusu növbəti hərbi təxribata əl ataraq 27 sentyabr 2020-ci ildə, səhər saat altı radələrində Qarabağın dinc əhalisinin arttileriyadan və digər ağır silahlardan atəşə tutmuşdur. Düşmənin xəyanətkar hərəkətləri nəticəsində dinc əhali arasında itgilərimiz var. Insanların mülkiyyətinə ciddi ziyan dəymişdir.
Təxribat baş verəndən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev əvvəlcə xalqa müraciət etdi, daha sonra isə Təhlükəsizlik Şurasının islasını keçirmişdir. Ilk dəfə olaraq Təhlükəsizlik Şurasının iclasının mühüm bir hissəsi əhalinin diqqətinə təqdim edilmişdir. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir.
Milli ordunun çevikliyi və peşəkarlığı nəticəsində ordumuzun şəxsi heyəti və tank bölmələri tərəfindən raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edilərək, onların hərəkət istiqamətləri nəzarətə götürülmüşdür.
Ermənistandan fərqli olaraq Azərbaycan məsuliyyətli ölkədir. Beynəlxalq hüquq normalarını nəzərə alan Milli ordumuz mülki əhalini atəşə tutmur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözügedən mövqeyi, vəziyyətdən asılı olmayaraq hər zaman qorunulur.
Baş verən hadisələr Ermənistanın yeni işğal siyasətinin təzahürüdür. Bu yeni siyasət danışıqlar prosesinin pozulması, status-kvonun təsdiqi, yeni təxribatların yaradılması və Ermənistanda yaradılmış sosial fəlakətin gizlədilməsinə xidmət edir. Cəbhə boyunca baş verən hadisələrə görə bilavasitə Ermənistan hökuməti məsuliyyət daşıyır.
Belə ki, 27 sentyabr taixində Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Ermənistan zaman-zaman siyasəti yürütmüşdür və bu gün də həmin siyasətdən əl çəkmir. Erməni hökuməti N. Paşinyanın rəhbərliyi altında öz dövlətində Azərbaycanın düşmən obrazının formalaşmasına xidmət edən məqsədyönlü addımlar atır. Danışıqların pozulması ermənilərin əsas hədəflərindəndir. Açıq danışıqlardan qaçan erməni hökuməti münaqişə boyunca müxtəlif hadisələr yaratmaqla əsaslı əngəllər yaradırlar.
Onların təxribatları sistemli xarakter daşıyır. İyul, avqust və sentyabr aylarında baş vermiş rəsmi Yerevanın hərbi təxribatları regiona təhlükə yaradır və Azərbaycanı hərbi qüvvədən istifadə etməyə təhrik edir. Bütün təxribatlar və bəyanatlar bilavasitə ona dəlalət edir ki, Ermənistan danışıqlar formatını dəyişdirmək istəyir. Bununla da onlar bütün sülh prosesini və əldə olunan nailiyyətləri sıfırlaşdırmaq istəyirlər.
Təxribatlar Yerevanın rəsmi siyasətidir. Ermənistanın tarixi saxtakarlıq və müxtəlif təxribatlar üzərində qurulub. Könüllü hərbi birləşmələrin yaradılması məhz həmin siyasətin davamıdır. Təxribatlar təkcə cəbhədə yox, Yerevanın siyasi bəyanatlarında da öz əksini tapır. Ermənistanın daxili auditoriyasına xidmət edən məsuliyyətsiz bəyanatlar danışıqlar prosesinə ciddi zərbədir. Bu danılmaz fakt təkcə bizi yox, bütün beynəlxalq ictimaiyyəti düşündürməlidir.
Danışıqlar prosesinin aqibətini şübhə altına qoyan rəsmi Yerevan etibarsız və məsuliyyətsiz bir ölkədir. Eyni zamanda, qanunsuz məskunlaşma siyasəti regiona təhdid yaradan siyasətdir. Ermənilərin müxtəlif yollar ilə digər ölkələrdə yaşayan erməni mənşəli əhalinin Qarabağa gətirilməsi regionun gələcəyini sual altına qoyur.
Azərbaycan tərəfi uzun müddət sülhməramlı siyasət yürütməsinə baxmayaraq qarşı tərəf həmişə təxribatlara əl atdı. Azərbaycan dövlətinin və xalqının artıq səbri tükənmişdi. Azərbaycan haqq yolundadır. Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır. Bütün dünya bilir ki, Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparır.
Azərbaycan hökuməti və Milli Ordu təxribatlara uymamağa çağırır. Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir. Bu səbəbdən əhali hadisələri izləməli və təxribat xarakterli məlumatların qarşısının alınmasında fəal iştirak etməlidir. Artıq Fizulu və Cəbrayıl rayonlarının yeddi kəndi işğaldan azad edilmişdir. Inanırıq ki, üçrəngli bayrağımız tezliklə Xankəndi və Şuşada dalğalanacaq.


Əli Məhəmmədlili — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, Nərimanov rayonun könüllüsü

Keçidlər