Qardaş dəstəyi
Qardaş dəstəyi
Sentyabr ayının 30-da Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfiri etimadnaməsini qəbul etmişdir. Qəbulda İ.Əliyev bildirmişdir ki, Pakistan qardaş ölkədir. Ölkələrimiz arasında strateji münasibətlər, qardaş münasibətləri həmişə mövcud olmuşdur. Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı olaraq üz dəstəyini göstərmişdir. Son hadisələr zamanı da pakistan dövlət olaraq baş nazir İmran xanın timsalında öz qardaş mövqeyini bir daha sərgiləmişdir. Bu bizim üçün əvəzolunmaz bir dəstəkdir və Pakistan dövlətinə minnətdarıq.
Azərbaycan dövlət olaraq Kəşmir problemində Pakistanın yanındadır və bu mövqeyini dəfələrlə səsləndirmişdir. Azərbaycan bütün məsələlərdə həmişə Pakistanı dəstəkləyib və dəstəkləyəcəkdir. Bu qarşılıqlı dəstək əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. İkitərəfli əlaqələrdə siyasi sahədən əlavə, iqtisadi məsələlər üzərinə də diqqət cəmləşdirməliyik. Qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensiala malikik.
Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan yeganə ölkədir. Bu, qürurverici bir hal olmaqla bərabər, həm də dostluğun və qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə yanımızdadır. Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat verib. Bu bəyanat haqq işimizi tam dəstəkləyir.
Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin davamıdır. Keçən ay Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarını müşahidə etdik. İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində kəndləri və hərbi mövqeləri atəşə tutan Ermənistan tərəfi olmuşdur. Azərbaycan Ordusu məcburiyyət qarşısında adekvat cavab verməli oldu. Bu isə onların yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar etdi. Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi və erməni ordusu etdiklərindən peşmançılıq hissi keçirmək məcburiyyətində qaldı.
Ermənistan çoxdan idi ki, müharibəyə hazırlaşırdı. Prezident İlham Əliyevin qeydləri, bəyanatları, müsahibələri və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışı, Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün bir xəbərdarlıq siqnalı idi. Prezident İlham Əliyev Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedi. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən kəndlərə, hərbi mövqelərə hücum etməyə başladılar və mülki şəxslər arasında itkilərimiz oldu. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artır.
Bizim ordumuz öz torpağında döyüşür. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı bütün infrastrukturun dağılmasına gətirib çıxarmışdır. Xocalı soyqırımından başqa, onlar həm də mədəni soyqırımı da törətmişlər. Onlar tarixi abidələri və məscidləri dağıtmışlar, hələ dağıdılmayan məscidlər isə heyvan saxlamaq üçün tövləyə çevrilmişdir. Onlar bütün müsəlman dünyasını təhqir edirlər. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq, islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilmişdir.
Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə çox ciddi təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə çevrilmişdir. İki sabiq prezident barəsində cinayət araşdırmaları aparılır. Jurnalistlər həbsxanada öldürülür və siyasi müxalifət sıxışdırılır. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları reaksiya vermir. Bu, ikili standartların nümayişidir.
Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə bəyanat vermişlər. Lakin Ermənistan isə buna məhəl qoymur və bu üç ölkəyə hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Ermənistan demək olar ki, 30 ildir bu qətnamələrə məhəl qoymur. Ermənistan rəsmiləri Azərbaycana qarşı, yeni ərazilər uğrunda yeni müharibə olacaq deyir. Baş nazir isə deyir ki, Qarabağ Ermənistandır.
Ermənistan rəhbərliyi danışıqların formatının dəyişdirilməsi məsələsini gündəmə gətimişdir. Azərbaycan Dağlıq Qarabağın marionet rejimi ilə danışıqlar aparmayacaqdır. Livandan gələn erməniləri işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırmaqla bərabər, işğal olunmuş ərazilərdə hərbi təlimlər də təşkil edirlər. Onlar növbəti təxribat törədərək, Dağlıq Qarabağdakı cinayətkar rejimin saxta liderinin qondarma andiçmə mərasimini Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil etdilər. Daha sonra isə, Dağlıq Qarabağın cinayətkar xuntasının qondarma parlamentini Şuşaya köçürməyi qərara aldılar. Bu, Azərbaycan xalqının hisslərinin birbaşa təhqir olunması deməkdir. Azərbaycan heç vaxt bununla razılaşmayacaq və onlara yerlərini göstərəcəkdir.
Qeyd etmək lazımdır ki, Pakistanın Azərbaycana verdiyi dəstək çox əhəmiyyətlidir. Azərbaycanla əməkdaşlıqda biz bütün illəri boyunca bu dəstəyi hiss etmişik. Bu mühüm məqamda Azərbaycanın yanında kimin durması aydın görünür. Bu gün yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan.
Osmanov Qurban – Azərbaycan Respublikası Müharibəsi Veteranlar Birliyinin rayon şöbəsinin sədri