Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti yeni reallıq yaratdı

16 noyabr 2020 | 16:00

Azərbaycan Prezidenti yeni reallıq yaratdı.

Azərbaycan Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında son iki yüz əlli illik milli tarixə yeni bir reallıq gətirdi. Müasir hərb tarixində ilk dəfə 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu.  Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini azad etdi.
Ermənistan son otuz ilə yaxın müddətdə aparılan danışıqlar prosesində nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi. Sentyabrın 27-dən başlanan Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu  Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi darmadağın etdi. Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Bəyanat tam Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıb. Imzalanmış bəyanat nəticəsində Naxçıvan da blokadadan azad olundu.
Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Türkiyənin qəti mövqeyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir
Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir. Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir. Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Ermənistan ictimai-siyasi həyatı “barıt çəlləyinə” bənzəyir.  Müxalif qüvvələrlə hökumət qüvvələri rəsmən vətəndaş müharibəsinin astanasındadırlar. 
Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan vasitəçilər, xüsusilə Fransa ciddi cəhdlərlə bu prosesi dayandırmağa çalışdı. Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmasları, ardıcıl Azərbaycan Prezidentinə zənglər etməsinin məqsədi də Ermənistanı tam iflasdan qurtarmaq idi. Təsadüfi deyil ki, sonda Fransa XİN öz simasını tam ifşa edərək açıq ermənipərəst bəyanat da yaydı. Bizə qarşı Ukraynaya və Gürcüstana münasibətdə tətbiq edilən ssenariləri işə salmaq cəhdləri var idi. Azərbaycan Prezidenti diplomatik səriştəsi, liderlik keyfiyyətləri, Rusiya ilə qurduğu yüksək səviyyəli münasibətlər nəticəsində bu planları da pozmağa nail oldu.
Azərbaycan xalqının tarixi qələbəsindən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başlayıb. Müxalifət indi Fransa və digər ermənipərəst ölkələrin Azərbaycan qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıb. Bu isə onların yeni təlimat almasına işarədir. Bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları  itirmişdir. 
Azərbaycanda güclü “prezident-xalq-ordu” vəhdəti bu təzyiqləri dəf etməyə imkan verdi. Azərbaycan Prezidenti xalqının qürurunun tapdanmasına imkan vermədi, azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı, qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. O dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Bakı Avrasiya Kollecinin direktor müavini – Kamil Məhəmmədli

Keçidlər