Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan-İlham Əliyev” mövzusunda videokonfrans keçirilib.

23 dekabr 2020 | 16:00

Dekabrın 23-də Nərimanov Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının birgə təşəbbüsü ilə “Azərbaycan tarixinə Şərəf, Ləyaqət, Qürur səhifəsi yazan Ali Baş Komandan-İlham Əliyev” mövzusunda videokonfrans formatında tədbir keçirilib.


Tədbiri giriş sözü ilə Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev açaraq bildirib ki, bu gün Prezident İlham Əliyevin fəaliyyəti Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamıdır. Onun sözlərinə görə, son 17 il ərzində Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin edib, ölkəmizin qarşısında yeni perspektivlər açılır. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir.
Cənab İlham Əliyevin şərəfli tarixi ənənələrə söykənən siyasi fəaliyyətindən geniş bəhs edən A.Fərzəliyev, həmçinin, Azərbaycanın siyasi maraqlarının yüksək səviyyədə qorunması naminə ölkə rəhbərinin uğurlu fəaliyyəti ilə bərabər güclü və müasir ordu quruculuğu, Vətən Müharibəsində böyük zəfər qazanılması və ərazi bütovlüyünün təmin edilməsi uğrunda dövlətimizin başçısının misilsiz fəaliyyətindən danışıb. A.Fərzəliyev qeyd edib ki, xalıqmızın Prezident İlham Əliyevə, ordumuza sonsuz inamı, ölkəmizdə mövcud olan milli birlik qazanılan qələbənin əsaslarını təşkil edir.
Sonra YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək vurğulayıb ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev bütün fəaliyyətində Azərbaycan xalqının iradəsini ifadə edir. 760 mindən çox üzvü olan partiyanın Sədri, Prezident İlham Əliyev şanlı tarix yazmış görkəmli dövlət xadimidir. T. Tağıyev qeyd edib ki, müstəqil daxili və xarici siyasi-iqtisadi inkişafın Azərbaycan modelini dünyaya təqdim edən əvəzsiz lider İlham Əliyev vətəndaşların sosial problemlərinin həllini prioritet tutmaqla yanaşı həm də, 30 ilə yaxın düşmən işğalında olmuş Azərbaycan torpaqlarını öz siyasi gücü və qurduğu qüdrətli Azərbaycan Ordusu sayəsində azadlığa qovuşdurdu.
Tədbirdə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək bildirib ki, Prezident İlham Əliyev praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir: “O, Azərbaycanın tərəqqisini təmin edən strateji inkişaf paradiqmalarını dəqiq müəyyən edib. İlk növbədə, inkişafın milli - Azərbaycan modelinin formalaşdırılması, yeni keyfiyyət çalarları ilə zənginləşdirilməsi mühüm məqsəd və vəzifə kimi təsbit olunub, bu hədəfə çatmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlər səmərəli nəticələr verib. Bir sözlə, Prezident İlham Əliyev inkişafın milli modelini yaratmaqla Azərbaycan iqtisadiyyatının dayanıqlılığını təmin edib, ölkəmiz qarşısında yeni perspektivlər açılıb. Statistik göstəricilər də bu reallığı təsdiq edir. Mühüm məqamlardan biri budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq reytinq agentliklərinin hesabatlarında da geniş əks olunur”.
Onun sözlərinə görə, Ali Baş Komandanımız soyuqqanlı ağılla hələ də dərk edilməsi çətin olan bir tarixi zəfərə imza atdı: “Bütün dünyaya və dünya siyasətini müəyyən edən imperialist güc mərkəzlərinə, onların təzyiqlərinə rəğmən torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Ancaq məsələyə strateji təhlil kontekstində yanaşdıqda diqqəti çəkən əsas məsələ budur ki, bütün bu zəfərləri əldə etmək üçün çox dəqiq hesablanmış dərin hərbi-siyasi, diplomatik və sosial-iqtisadi planlaşdırma müəyyənləşdirilib və zərgər dəqiqliyi ilə həyata keçirilib. Bu ardıcıllıqda önə çıxan əsas istiqamətlər isə müstəqil iqtisadi siyasət həyata keçirməklə siyasi müstəqilliyi təmin etmək, iqtisadi resursların səmərəliliyini təmin etməklə iqtisadiyyatla sosial təminat arasında düzgün proporsional balans yaratmaq, ölkədə yeni, innovativ sənaye istiqamətləri formalaşdırmaq, ordu quruculuğu və hərbi sənayenin yaradılmasına xüsusi diqqət ayırmaq, bütün bunlara paralel olaraq milli hislərə və vətənpərvərlik ruhuna sahib olan yeni nəsil tərbiyə etmək idi. Hazırkı qlobal şərtlər və təzyiqlər içərisində bunların hər birini, xüsusilə sonuncunu etmək olduqca müşkül bir vəzifə idi. Çünki müasir internet resursları və onların yaratdığı virtual reallıqlar çərçivəsində milli ruhu və milli identikliyi qoruyub saxlaya bilmək ən mühüm çağırışlardan biri idi. Beləliklə, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olub”.

Daha sonra Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Nərimanov rayon sakini Ziyadxan Muradovun atası Muradxan Muradov tədbirdə çıxış edərək şəhidlərin qanını yerdə qoymayan, siyasi maneələrə və çətinliklərə baxmayaraq, Azərbaycanın gücünü dünyaya nümayiş etdirən Prezident İlham Əliyevə sonsuz minnətdar olduğunu dilə gətirib.
Tədbirdə həmçinin, Təhsil Nazirinin birinci müavini Firudin Qurbanov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, 45 saylı orta məktəbin direktoru, aprel şəhidi Sənan Axundovun xanımı Nəcibə Axundova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova və digərləri çıxış edərək bildiriblər ki, ötən 17 il aydın şəkildə göstərdi ki, cənab İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirib. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu inkişaf tarixini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləri olmaqla yanaşı, həm də bu gün dünyanın ən güclü, ən təsiredici gücə malik dövlətlərini belə heyrətə salacaq Zəfərə imza atmaqla tarixi ədaləti özü bərpa etdi.

Keçidlər