Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşa şəhərində səfərdə olub
Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşa şəhərində səfərdə olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.
Dövlətimizin başçısı və birinci xanım yolun təməlini qoydular.
Prezident İlham Əliyev: Füzuli-Şuşa yolunun təməlini qoyduq. İndi isə Füzuli hava limanının təməlini qoyacağıq və bu il hava limanının hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda beynəlxalq hava limanının təməlini qoydular.
Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.
Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərinə yola düşdülər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı məscidini ziyarət etdilər.
Dövlətimizin başçısı məscidə “Qurani-Şərif” hədiyyə etdi.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Cıdır düzündə çay süfrəsinə qonaq oldular.
Prezident İlham Əliyev: Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!
https://president.az/articles/50184