25 yaşı tamam olan Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun məzarı ziyarət edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizlədi və ərazi bütövlüyümüzü bərpa etdi.
Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovdur. Nərimanov rayonundakı 291 nömrəli Ekologiya Liseyini bitirərək, daxil olduğu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tank bölüyü ixtisasına yiyələnmiş Azad Hümbətov 2017-ci ildə həmin məktəbi leytenent hərbi rütbəsi ilə bitirmişdir. Tank tağımı komandiri olan Azad Hümbətov Füzuli, Qubadlı və Laşın istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirib çıxarmış və dəfələrlə yaralı döyüş yoldaşlarını düşmən mühasirəsindən çıxara bilmişdi. Müharibənin ilk günlərində tankı ilə minaya düşən Azad Hümbətov özü ayağından yaralanmasına baxmayaraq tankı idarə edən yaralı mexaniki 25 km meşə ərazisində kürəyində daşıyaraq döyüş postuna gətirib çıxara bilmişdi. Müalicəsini yarımçıq qoyaraq yenidən müharibəyə qatılan Azad 27 oktyabr 2020-ci il tarixdə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimizin döyüşlərdə göstərdiyi igidlik və sücaət yüksək qiymətləndirilmiş, ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş, bir neçə medalla təltif olunmuşdur.
Azad Hümbətov yaşasaydı bu il yanvarın 24-də 25 yaşını qeyd edəcəkdi. 24 yanvar 2021-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İcra Hakimiyyətinin məsul şəxsləri, Nərimanov Bələdiyyəsinin sədri, şəhid Azad Hümbətovun ailəsi, eləcə də rayonun digər şəhid ailələri Azadın uyuduğu II Şəhidlər Xiyabanına gəlmiş, 25 yaşı tamam olan Vətən Müharibəsi Qəhrəmanının məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fəzəliyev şəhidin valideynlərinə belə igid oğul böyütdüyü üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Azad Hümbətovun xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişdir. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Şəhid ailəsi üzvləri bu diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğı və dəstək xüsusi vurğulanmış, şəhid ailələri bu qayğıya görə ona təşəkkür etmişlər.
Nərimanov Rayon İcra Hakmimiyyəti Vətən oğullarının xatirəsini əziz tutmağı, onların ailələrinə qayğı göstərməyi gündəlik vəzifəsi bilir, hər bir şəhid ailəsinə və qaziyə xüsusi həssaslıqla yanaşır, mütəmadi olaraq onların ailələrinə baş çəkir, problemlərini dinləyir, həll olunması üçün bütün səylərini əsirgəmirlər.
Onu da qeyd edək ki, 20 yanvar - Ümumxalq Hüzn Günündə də Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, rayonun vəzifəli şəxsləri 20 Yanvar şəhid ailələri ilə birgə Vətən Müharibəsi şəhid ailələrini ziyarət etmiş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından, qanından keçmiş şəhidlərimizin parlaq xatirələrini yad etmişlər.