Şriftin ölçüsü :

Saytın rəngi :

Kiçik çavuş Əkbər Quliyev 16 fevral 2021-ci il tarixdə torpağa tapşırıldı.

17 fevral 2021 | 16:00

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və qələbə ilə başa çatan 44 günlük Vətən Müharibəsində canından keçərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də şəhid Quliyev Əkbər Güləhməd oğludur.

Əkbər Quliyev Vətən Müharibəsində itkin düşən və sonradan şəhid olduğu dəqiqləşən hərbi qulluqçulardandır. Şəhid 2020-ci il sentyabrın 21-də səfərbərliklə təkrar orduya çağırılaraq təlimlərə qoşularaq Vətən Müharibəsi başlanan gündən döyüşlərə qatılıb. Kiçik çavuş Quliyev Əkbər Güləhməd oğlunun nəşi 16 fevral 2021-ci il tarixdə səhər saatlarında doğulduğu Neftçala rayonunun Xıllı qəsəbəsinə gətirilib. 21 yaşlı şəhidin nəşi valideynlərinin istəyi ilə dəfn olunmaq üçün Bakıya yola salınmışdır. Elə həmin gün şəhid Əkbər Quliyev Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtın Yasamal rayonundakı II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Nərimanov və Yasamal Rayon İcra Hakimiyyətlərinin rəhbərləri, şəhidin döyüş yoldaşları və yaxınları iştirak etmişlər.

Mərasimdə iştirak edən dövlət rəsmiləri şəhidin valideynlərinə başsağlığı verərək, belə qəhrəman övlad yetişdirdikləri üçün ailəsinə minnətdarlıqlarını bildirmiş, hər zaman onların yanlarında olduqlarını və bütün şəhidlərimiz kimi şəhid Əkbər Quliyevin də əziz xatirəsinin daima qəlblərdə əbədi yaşayacağını qeyd etmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı ən yüksək səviyyədədir və bu xeyirxah münasibət xalqımız tərəfindən çox böyük minnətdarlıqla qarşılanmaqdadır.  Cənab İlham Əliyevin və Mehriban xanımın Əliyevanın tövsiyələri və şəxsi nümunələrini rəhbər tutaraq, Nərimanov Rayon İcra Hakimiyyəti də fəaliyyətinin əsas istiqaməti olaraq şəhid ailələrinə  və sağlamlıqlarını itirmiş qazilərimizə qayğı göstərməyi gündəlik vəzifəsi bilir, hər bir şəhid ailəsinə və qaziyə xüsusi həssaslıqla yanaşır, mütəmadi olaraq onların ailələrinə baş çəkərək hər cür dəstək göstərir, sosial problemlərinin həll olunması üçün bütün səylərini əsirgəmir.
Əkbər və onun kimi minlərlə qəhrəman oğullarımızı illər keçsə də, gələcək nəsillər hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu igid, qəhrəman oğullarımızı daim qəlbimizdə yaşadaq.

QARABAĞ AZƏRBAYCANDIR!

Keçidlər