1 nömrəli “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlamışdır
Yanvarın 15-dən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 nömrəli “ASAN xidmət” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlamışdır.
1 nömrəli “ASAN xidmət” mərkəzi pilot layihə olduğu üçün ilkin mərhələdə paytaxtın Nəsimi və Nərimanov rayonlarının sakinlərinə xidmət göstərəcəkdir. Vətəndaşlar mərkəzin xidmətlərindən şəxsən, telefon və ya internet vasitəsilə ünvanladıqları müraciətlər əsasında istifadə edə bilərlər.
“ASAN xidmət” mərkəzi Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşir. Mərkəz həftənin bütün günləri saat 10-dan 20-dək, bazar günləri isə saat 17-dək vətəndaşlara xidmət göstərir.
“ASAN xidmət” mərkəzində 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 adda hüquqi xidmət həyata keçirir.