Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü qeyd edilmişdir.

25 aprel 2021 | 16:00

Qarabağ müharibəsinin qeyri-adi qəhrəmanlarından biri, hələ sağlığında haqqında əfsanələr dolaşan Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun adı xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunmuşdur. O, doğulub boya-başa çatdığı Azərbaycanı sonsuz məhəbbətlə sevirdi  və döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunələri bunu bir daha sübuta yetirdi.
25 aprel 2021-ci il tarixdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü münasibəti ilə Nərimanov rayonunda Milli Qəhrəmanın adını daşıyan küçədə, onun xatirəsinə ucaldılmış heykəlinin  önündə anım mərasimi keçirilmişdir.
Anım mərasimində iştirak edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, “Dağ Yahudiləri İcması” İctimai Birliyinin, Vətən Müharibəsi qaziləri və iştirakçıları, “Veteran Tankçılar” İctimai Birliyinin nümayəndələri, A.Aqarunovun ailə üzvləri və döyüş yoldaşları, rayonun fəal gəncləri, könüllülər Milli Qəhrəmanın abidəsi önünə əklillər və gül dəstələri qoyaraq xatirəsini yad etmişlər.
Tədbirdə edilən çıxışlar zamanı  ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilərək Albert Aqarunovun həyat yolu, döyüşlərdə iştirakı bir daha xatırlandı. Milli Qəhrəmanın qısa, lakin mənalı ömür yolundan danışılaraq bildirildi ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi, yəhudi əsilli bu qəhrəman da Azərbaycanı daim Vətəni bilmiş, torpağı uğrunda döyüşmüş, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda etmişdir.
Qəhrəmanın həyat və döyüş yolu səhifələnərək qeyd olunmuşdur ki, o 25 aprel 1969-cu ildə Bakı şəhərində anadan olub. Suraxanı rayonu 154 saylı orta məktəbdə səkkizinci sinfi bitirdikdən sonra təhsilini texniki-peşə məktəbində davam etdirərək sürücü-mexanik vəzifəsinə yiyələndikdən sonra  Gürcüstan Respublikasının Axalkalaki rayonunda Sovet ordusu sıralarında tank komandiri kimi  xidmət  edib. Ordudan tərxis olunan Albert Suraxanı Maşınqayırma zavodunda işə düzəlir. Qarabağ müharibəsinin başladığı ilk vaxtlarda - 1991-ci ildə milli ordu sıralarına yazılan ilk könüllülərdən biri kimi Albert   tank komandiri təyin edilir. Şuşa, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edir. 1992-ci il mayın 8-də Şuşa-Laçın yolunda gedən döyüşlər zamanı doğulub böyüdüyü və sevdiyi doğma Vətəni Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olur. A.Aqarunov Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə erməni quldurlarına qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı  adına layiq görülmüşdür. Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir. Milli Qəhrəmanın xatirəsi əbədiləşdirilərək, Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəbə və Nərimanov rayonunda küçəyə onun adı verilmiş, məktəbin önündə büstü qoyulmuşdur. 2015-ci ildə “The Times of Israel” qəzetində amerikalı ravvin İsrail Barukun “Müsəlman torpağında yəhudi əsgəri” məqaləsi Aqarunova həsr olunmuşdur. 2017-ci ildə Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir. 2019-cu ildə Milli Qəhrəmanın 50 illik yubileyi münasibəti ilə Nərimanov rayonu ərazisində adını daşıdığı küçədə heykəli qoyulmuşdur.
Çıxışlarda vurğulandı ki, Azərbaycanın Milli Qəhrəmanı tank komandiri Albert Aqarunov bir qəhrəmanlıq nümunəsidir. O, vətənpərvərliyi, qəhrəmanlığı və sücaəti ilə Azərbaycanda yaşayan hər bir millətin övladına Azərbaycanı sevməyi  və onun uğrunda mübarizə aparmağı öyrətdi.
Tədbirdə Milli Qəhrəmanın ailəsi adından qardaşı R.Aqarunov çıxış  edərək Albert Aqarunovun xatirəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə etmişdir.

Keçidlər