20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü ilə əlaqədar Nərimanov rayonundakı 45 nömrəli tam orta məktəbdə anma mərasimi keçirilmişdir.
20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü ilə əlaqədar Nərimanov rayonundakı 45 nömrəli tam orta məktəbdə anma mərasimi keçirilmişdir. Mərasimdə rayonda yaşayan 20 Yanvar şəhid ailələri, rayonun rəhbərliyi və məktəbin müəllim-şagird kollektivi iştirak etmişlər. Əvvəlcə dövlət himni səsləndirilmiş, daha sonra 20 Yanvar hadisələri zamanı lentə alınmış videokadrlardan hazırlanmış sənədli film nümayiş etdirilmişdir.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra mərasimi giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 20 Yanvar faciəsinin baş verməsinin siyasi səbəbləri və ağır mənəvi, psixoloji və sosial nəticələri barədə ətraflı məlumat vermişdir. Keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs edən natiq bildirmişdir ki, faciənin törədilməsində əsas məqsəd Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olmuşdur. O vaxt xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etmiş və regionda baş verən siyasi proseslərin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Uzun illər bu hadisəyə siyasi qiymət verilməmiş, bəzi maraqlı qüvvələr bu qanlı cinayətin unudulmasına çalışmışlar. Lakin ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra 20 Yanvar faciəsinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verilmişdir. Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaqdır. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə qəlbimizdə uca tutulacaqdır.
Daha sonra Azərbaycan xalqına, 20 Yanvar faciəsinin günahsız qurbanlarının yaxınlarına dərin hüznlə başsağlığı verən 20 Yanvar Şəhid Ailələri Cəmiyyətinin Nərimanov rayon şöbəsinin sədri Müxəstə Həsənova bildirmişdir ki, Vətən və torpaq uğrunda həlak olanlar şəhidlik zirvəsini fəth edib öz xalqının qəlbində əbədi yaşayırlar. 20 Yanvar Azərbaycan xalqı üçün qanlı faciə olmaqla bərabər, müstəqillik uğrunda mübarizə tarixinin şərəfli salnaməsidir. O, dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirmişdir.
Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdirilmiş, şagirdlərin ifasında öz şərəfli ölümləri ilə tarix yazmış qəhrəman Vətən övladlarına həsr edilmiş şeirlər səsləndirilmiş və qanlı Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Sonda 20 Yanvar şəhid ailələrinə maddi yardım göstərilmişdir.