Şəhid Ələddin Səidovun doğum günü Nərimanov rayonunda qeyd olunub
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində fədakarlıq göstərən igid şəhid oğullarımızdan biri olan Ələddin Səidovun 17 iyun 2021-ci il tarixində doğum günü qeyd olunmuşdur.
“Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhidin doğum günü münasibətilə Nərimanov rayonunda salınmış abad məhəllədə şəhidin xatirəsinə basketbol turnirinin açılış mərasimi baş tutub. Turnirin sonunda qalib və iştirakçı komandalara şəhid ailəsinin iştirakı ilə diplomlar, şəhid atası Səidov Azərə isə turnirin xatirə diplomu təqdim edilib.
Şəhid ailəsinin yaşadığı və ətraf binaların əhatə olunduğu məhəllə qısa müddət ərzində abadlaşdırılmış, asfalt örtüyü yenilənmiş, binaların fasad örtüyü rənglənmiş, yeni yaşıllıqlar salınmış, uşaqlar üçün əyləncə avadanlıqları quraşdırılmış, o cümlədən girişdə şəhidin barelyefi qoyulmuşdur. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin, şəhidin ailə üzvlərinin və sakinlərin iştirakı ilə abadlaşdırılan həyətə baxış keçirilmiş, həyət sakinlərin istifadəsinə verilmişdir.
Daha sonra şəhid Ələddin Səidovun yaşadığı mənzildə ailə üzvləri ilə görüş keçirilib, onun yağlı boya ilə çəkilmiş portreti xatirə olaraq ailəsinə hədiyyə olunub.
Şəhidin əziz xatirəsini yad etmək məqsədilə onun məzarı ziyarət edilib və döyüşlərdə şücaət göstərən igid Vətən oğlunun unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.
Şəhid ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını hər zaman hiss etdiklərini, bu qayğını çox yüksək qiymətləndirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.