Nərimanov rayonunda 26 iyun - Silahlı Qüvvələr günü münasibəti ilə Vətən müharibəsi şəhid ailələrinə və müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilmişdir.
25 iyun 2021-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən müxtəlif medallarla təltif olunmuş şəhid və müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilmişdir. Mərasimdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir başlamazdan öncə rayon rəhbərliyi və şəhid ailələrinin üzvləri İcra Hakimiyyətinin foyesindəki Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoydular.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə mərasimi açıq elan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etdi ki, Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq - iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində qazanıldı. Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, bir gün öncə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı Sərəncamla Fizulinin, Xocavəndin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Ağdamın, Şuşanın, Kəlbəcərin, Laçının, Suqovuşanın, ümumiyyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif edilmişlər. Həmçinin Abdin Fərzəliyev çıxışında vurğuladı ki, bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır.
Abdin Fərzəliyev qeyd etdi ki, dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir. O, şəhid ailələrinin istək və xahişlərini nəzərə alaraq, Vətən Müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə rayon ərazisində yaxın günlərdə “Zəfər” Xatirə Kompleksinin təməlinin qoyulması istiqamətində işlərə başlanılacağını nəzərə çatdırdı.
Tədbirdə çıxış edənlər - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin rəisi Aqşin Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri, eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid baş leytenant Azad Hümbətovun atası Arif Hümbətov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nərimanov rayon təşkilatının sədri Qurbanəli Osmanov, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları almış və yenicə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuş şəhid Sadıqov Səbuhinin atası Rövşən Sadıqov çıxışlarında qeyd etdilər ki, bu gün qələbə sevincini öz canlarını qurban verməklə bizə yaşadan hər bir şəhidin xatirəsi bizim üçün əzizdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.
Çıxış edən şəhid ailələrinin üzvləri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.
Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən müxtəlif medallarla təltif olunmuş Vətən müharibəsi şəhidlərinə və iştirakçılarına medallar təqdim olundu.