Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiya Prezidenti Vladimir Putin Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevi “Dostluq” ordeni ilə təltif etmişdir

25 yanvar 2013 | 16:00

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bakının Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Fərman imzalamışdır.
Abdin Fərzəliyev Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə və inkişafına verdiyi böyük töhfəyə görə “Dostluq” ordeninə layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan vilayətində bir sıra müştərək layihələr həyata keçirmiş, nəticədə regionun sosial sahəsinə xeyli sərmayə cəlb edilmişdir.
2010-cu ildə Həştərxan vilayətinin Nərimanov şəhərində Nəriman Nərimanov adına parkın abadlaşdırılması işləri başa çatmışdır. Həştərxanda ulu öndər Heydər Əliyevə abidə qoyulmuş, abidənin ucaldıldığı park yenidən qurulmuşdur. Şəhərin Bakı küçəsində yerləşən Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbi yenidən qurulmuşdur. Layihəyə əsasən binanın əsaslı təmiri, idman və akt zalları, yeməkxana tikilməsi, habelə kabinetlərin yeni müasir avadanlıqlarla tam təchiz edilməsi nəzərdə tutulmuşdur.
Keçən il Rusiya-Azərbaycan Dostluq Körpüsünün, Heydər Əliyev adına parkda uşaq oyun meydançasının açılışı olmuşdur. Həştərxanda müqəddəs knyaz Vladimirə abidə qoyulması planlaşdırılır.
Bundan əlavə, Həştərxan vilayətində sanatoriya və uşaq bağçaları tikintisi, səhiyyə müəssisələrinin təmiri və sosialyönümlü bir sıra başqa müştərək layihələrin işlənib hazırlanması və həyata keçirilməsi barədə danışıqlar aparılır.
2010-cu ilin oktyabr ayında Abdin Fərzəliyevin fəal iştirakı və dəstəyi ilə Həştərxan mahnı və rəqs ansamblının Azərbaycanın Bakı və Sumqayıt şəhərlərində qastrolları olmuş, 2011-ci ilin aprel və iyun aylarında Həştərxan Dram Teatrının Bakıya, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının Həştərxana qastrolları təşkil edilmişdir.
A.Fərzəliyev Həştərxan və Azərbaycan jurnalistlərinin “Xəzər arzusu-2010” mövzusunda yazı müsabiqəsinin (iyun-avqust - 2010-cu il, Həştərxan, Bakı) təşkilatçılarından biri olmuşdur. Bu müsabiqə çərçivəsində “Xəzər dənizinin ətraf mühitinin qorunması. Xəzərin statusu. Mövzunun KİV-də işıqlandırılması problemləri” adlı “dəyirmi masa”, yazıçı Çingiz Abdullayevlə görüş, Azərbaycanın İsmayıllı rayonuna ekskursiya təşkil edilmişdi.
 

Keçidlər