Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Vətən müharibəsi şəhidi anım günündə yad edildi

19 noyabr 2021 | 16:00

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun qələbə qazandığı Vətən Müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmiş Sənan Şahin oğlu Abdullayevin xatirəsi şəhadətinin ildönümündə Nərimanov rayon ictimaiyyəti tərəfindən yad edilmişdir.
19 noyabr 2021-ci il tarixdə şəhid Sənan Abdullayevin anım günü ilə bağlı ilk öncə  Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Müdafiə Nazirliyinin rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid Sənan Abdullayevin ailə üzvləri və qohumları, döyüş yoldaşları, rayonun digər şəhid ailələri, rayon gəncləri şəhidin uyuduğu II Fəxri Xiyabana gəlmiş, Azərbaycan Respublikasının Milli Hərbi Orkestrinin ifa etdiyi Dövlət Himninin ardından şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Şəhidin məzarı ətrafına toplananlar tərəfindən Sənan Abdullayevin məzarı üzərinə əklil və gül dəstələri qoyulmuş, xatirəsi hörmət və ehtiramla yad edilmişdir. Sonra digər şəhid olmuş qəhrəman Vətən oğullarının da unudulmaz xatirəsi dərin ehtiramla yad edilərək məzarlarına güllər qoyulmuşdur.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirmiş, şəhidin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edərək Allahdan onlara səbr diləmişdirlər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq bildirmişlər ki, prezident-ordu-xalq birliyinin nəticəsi olaraq torpaqlarımız düşməndən azad edilmiş, haqq-ədalət bərpa olunmuşdur.
Daha sonra şəhidin anım mərasimi keçirilərək ehsan verilmiş, ruhuna dualar oxunmuşdur. Anım mərasimində 44 günlük Vətən Müharibəsini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Azad edilən torpaqlarımızda aparılan abadlıq-bərpa işlərindən bəhs edən Milli Məclisin sədr müavini Adil Əliyev qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımıza səfər etməsi, yeni, müasir tipli infrastruktur layihələrinin təməlqoyma mərasimlərindəki iştirakı, praqmatik, konseptual, regiona ünvanlanmış və gələcəyə hesablanmış çıxışları hər birimizdə dövlətmizə inam və iftixar hissi yaradır. Həmçinin çıxış edən Abdin Fərzəliyev qeyd etmişdir ki, bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. O vurğuladı ki, dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Sonda Vətən Müharibəsi şəhidi atası Şahin Abdullayev çıxış edərək oğlu ilə qürur duyduğunu bildirərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.

Keçidlər