Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiya Federasiyası Həştərxan vilayətinin Qubernatoru cənab İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

07 dekabr 2021 | 16:00

Rusiya Federasiyası Həştərxan vilayətinin Qubernatoru cənab İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti  6-8  dekabr 2021-ci il tarixlərində ölkəmizə işgüzar səfərə gəlmişdir.
Məlumdur ki, uzun illərdən bəri Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Bakı şəhəri ilə Həştərxan vilayəti arasında sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur və sözügedən əlaqələr gündən günə genişlənir. Azərbaycan dövlətinin, eyni zamanda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri  həyata keçirilmiş və bu işlər bu gün də davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 dekabr 2021-ci il tarixdə ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı İqor Babuşkinin Azərbaycana səfərindən məmnunluğunu bildirmiş və bunu uğurlu əməkdaşlığımızın təzahürü kimi dəyərləndirmişdir. Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilərək ölkəmizin Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi vurğulandı.
Söhbət zamanı ticarət dövriyyəsinin artırılması, ticarət və nəqliyyat-logistika sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində uğurla həyata keçirilən layihələr yüksək qiymətləndirildi.
Görüş zamanı həmçinin Azərbaycanda inşa edilmiş Həştərxan İş Mərkəzinin əhəmiyyəti qeyd edilərək, ölkəmizin Rusiya Federasiyasının Həştərxan vilayəti ilə əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.
Sonra Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoymuşlar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.
Fəxri Xiyabanı ziyarət etdikdən sonra qonaqlar  Nərimanov rayonu ərazisində yerləşən “Qardaşlıq məzarlığı” Əbədi Xatirə Kompleksini ziyarət etmiş, Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq, onların xatirəsini ehtiramla yad etmişlər.  Sahəsi 11 ha olan ərazidə inşa olunan, müxtəlif xalqların nümayəndələrinin də dəfn olunduğu “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksi barədə məlumat verən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev  sözügedən kompleksin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Böyük Vətən Müharibəsi iştirakçılarına olan xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını vurğulamışdır.
Daha sonra Bakı şəhərinin Nərimanov  rayonu ərazisində, X.R.Ulutürk küçəsində inşa olunmuş Həştərxan İş Mərkəzinin açılış mərasimi  baş turmuşdur. Açılışda Baş nazirin müavini Şahin Mustafayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rusiya Federasiyası tərəfindən isə Həştərxan vilayətinin qubernatoru İqor Yuryeviç Babuşkin, Rusiya Federasiyasının Azərbaycandakı səfiri  Mixail Nikolayeviç Boçarnikov və Həştərxan Hökümətinin yüksək vəzifəli nümayəndələri iştirak etmişlər.
Mərkəzlə tanış olan rəsmi qonaqlara məlumat verildi ki, Azərbaycan Respubliklası tərəfindən Həştərxan şəhərində inşa edilmiş Azərbaycan İş Mərkəzinin anoloji olaraq eyni layihə əsasında Həştərxan vilayətinin hökuməti tərəfindən Bakı şəhərində tikilməsi barədə qərar verilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərində Həştərxan İş Mərkəzinin inşası üçün müvafiq tapşırıqlar verilmişdir.
Həştərxan İş Mərkəzinin inşa olunması üçün Bakı şəhəri Nərimanov rayonu ərazisində 19 dekabr 2017-ci il tarixdə təməlqoyma mərasimi keçirilmişdir.
Mərkəzin altı mərtəbəli binası beynəlxalq standartlara və müasir layihəyə uyğun olaraq tikilib hazır vəziyyətə gətirilmiş, bütün lazımi avadanlıqlarla təchiz edilmişdir. İş Mərkəzində 600 kv.m-lik sərgi salonu, “Kaspiy” restoranı, müxtəlif fəaliyyət növləri üçün ofis otaqları, konfrans və restoran zalları, beynəlxalq standartlara cavab verən “Volqa” mehmanxanası, fitnes zalı və digər xidmət otaqları yerləşir. İş Mərkəzinin ümumi ərazisi 8.600 kv.m təşkil edir ki, ondan 5.700 kv.m-i xidmət sahəsini əhatə edir. İş Mərkəzinin fəaliyyəti zamanı 100 nəfərə yaxın yerli vətəndaşımızın işlə təmin olunması nəzərdə tutulmuşdur.
Azərbaycan-Rusiya dostluq əlaqələrinin bariz nümunəsi olan Həştərxan İş Mərkəzinin əsas fəaliyət istiqaməti ölkələr arasında iqtisadi və ticarət əlaqələrin genişləndirilmək, Azərbaycan istehsalçılarının Rusiya bazarına çıxışını asanlaşdırmaq, həmçinin sosial, mədəni əlaqələr arasında körpü yaratmaqdır.
Qeyd etmək lazımdır ki, 31 may 2018-ci ildə Həştərxan şəhərində təntənəli açılışı baş tutmuş Azərbaycan İş Mərkəzi artıq uzun müddətdir eyni istiqamətlər üzrə uğurla fəaliyyət göstərməkdədir. Mərkəzlərin fəaliyyəti ölkələr arasında qarşılıqlı münasibətlərin səviyyəsini yüksəltməyə, iş adamları arasında əlaqələrin genişlənməsinə imkan verəcəkdir.
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru cənab İ.Y.Babuşkinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində, 7 dekabr 2021-ci il tarixdə nümayəndə heyətinin Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü də baş tutmuşdur. Görüş zamanı  2022-ci ildə Azərbaycan Respublikası ilə Həştərxan vilayəti hökuməti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair tədbirlər Proqramı imzalanmışdır.

Keçidlər