Dünya Azərbaycanlılarının Həmrəylik Günü Nərimanovda qeyd edilmişdir
Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Vətən Müharibəsi şəhid ailələri və qazilərin iştirakı ilə Nərimanov Rayon İcra Hakimiyyətində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə rayon tədbiri keçirilmişdir. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, İcra Hakimiyyəti başçısının müavinləri, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir başlamazdan öncə rayon rəhbərliyi və şəhid ailələrinin üzvləri İcra Hakimiyyətinin foyesindəki Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.
Giriş sözü ilə tədbiri açıq elan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etdi ki, xalqımız hər il 31 dekabr tarixini - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Artıq 30 ildir ki, qeyd edilən bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. Abdin Fərzəliyev qeyd etdi ki, yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinin, onun liderlik məktəbinin davamçısı, Respublika Prezidenti cənab İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub.
Tədbirdə çıxış edən Rayon Ağsaqqallar Şurasının sədri, “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid Azad Hümbətovun atası Arif Hümbətov və Vətən Müharibəsi qazisi Arif Hacıyev çıxışlarında qeyd etdilər ki, mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Onlar həmçinin şəhid ailələri və qazilər adından Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə 60 illik yubileyi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrikləri səsləndirmiş, ona möhkəm cansağlığı, uzun ömür, müstəqil Azərbaycanımızın çiçəklənməsi və tərəqqisi, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü möhtəşəm işlərdə yeni-yeni uğurlar və nailiyyətlər arzulandı.