Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun doğum günü qeyd edilmişdir

26 yanvar 2022 | 16:00

Tarixi Zəfərin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant,  şəhid Azad Hümbətov olmuşdur.
Nərimanov rayonundakı 291 nömrəli Ekologiya Liseyini bitirərək, daxil olduğu Heydər Əliyev adına  Azərbaycan Ali Hərbi Məktəbində tank bölüyü ixtisasına yiyələnmiş Azad Hümbətov 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirmişdir. Tank tağımı komandiri olan Azad Hümbətov Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirib çıxarmış və dəfələrlə yaralı döyüş yoldaşlarını düşmən mühasirəsindən çıxara bilmişdi. Müharibənin ilk günlərində tankı ilə minaya düşən Azad Hümbətov özü ayağından yaralanmasına baxmayaraq tankı idarə edən yaralı mexaniki 25 km meşə ərazisində kürəyində daşıyaraq döyüş postuna gətirib çıxara bilmişdi. Müalicəsini yarımçıq qoyaraq yenidən müharibəyə qayıdan Azad 27 oktyabr 2020-ci il tarixdə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İkinci Fəxri Xiyabanda dəfn olunmuş qəhrəman şəhidimizin döyüşlərdə göstərdiyi igidlik və sücaət yüksək qiymətləndirilmiş,  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
24 yanvar 2022-ci il tarixdə şəhidin doğum günü ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov, Şəhər Bələdiyyələrinin Milli Assosasiyasının sədri Təmraz Tağıyev, şəhid Azad Hümbətovun ailəsi, eləcə də rayonun digər şəhid ailələri Azadın uyuduğu II Şəhidlər Xiyabanına gəlmiş, 26 yaşı tamam olan Vətən Müharibəsi Qəhrəmanının məzarını, həmçinin digər şəhidlərin məzarlarını ziyarət etmiş, onların əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər. Çıxış edən Abdin Fərzəliyev şəhidin valideynlərinə belə igid oğul böyütdüyü üçün minnətdarlığını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Azad Hümbətovun  xatirəsinin əziz tutulduğunu, hər zaman qəlblərdə əbədi yaşayacağını qeyd etmişdir.
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov ailəsi adından çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya, hərtərəfli dəstəyə  görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.
26 yanvar 2022-ci il tarixində Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 №li Ekologiya liseyində Vətən müharibəsi Qəhrəmanı Azad Hümbətovun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Yusif Sadıqov, Nərimanov Rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid, Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Nərimanov rayonu şəhid ailələrinin nümayəndələri, Liseyinin direktoru Arif Əsədov, Liseyin müəllim və şagirdləri iştirak etmişlər.
Tədbirdə əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edənlər dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə dövlət qayğısından bəhs etmişlər. Xüsusi olaraq vurğulanmışdır ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.
Azad Hümbətovun müəllimləri o cümlədən çıxış edərək Azadla bağlı xatirələrini bölüşdülər. Tədbirdə liseyin şagirdlərinin ifasında şerlər səslənmiş, bədii kompozisiyalar nümayiş etdiril¬mişdir.
Tədbirin sonunda Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun xatirəsinə həsr edilmiş məktəblilər arasında keçirilmiş şahmat turnirinin qaliblərinin  mükafatlandırma mərasimi keçirilmişdir.

Keçidlər