Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin şəhidi Ziyad Muradovun doğum günü qeyd edilmişdir

03 fevral 2022 | 16:00

3 fevral 2022-ci il tarixdə Vətən Müharibəsi şəhidi Ziyad Muradovun doğum günü ilə bağlı ilk öncə Nərimanov Rayon İcra Hakimiyyətinin kollektivi, şəhid Ziyad Muradovun ailə üzvləri və rayonun digər şəhid ailələri şəhidin yaşadığı ünvanda inşa edilmiş xatirə bulağının açılış mərasimində iştirak etmiş, daha sonra onun məzarını ziyarət edərək əklil qoymuş, xatirəsini dərin ehtiramla yad etmişlər. Çıxış edənlər şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək, Ziyad  Muradovun valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edərək, Allahdan onlara səbr diləmişdir. Qeyd edilmişdir ki, Vətən Müharibəsində canından keçən bütün şəhidlərimiz kimi, Ziyad Muradovun də göstərdiyi qəhrəmanlıq, şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə qəhrəman şəhidimiz "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Sonra şəhid Ziyad Muradovun doğum günü ilə əlaqədar onun təhsil aldığı 73 nömrəli tam orta məktəbdə anım tədbiri keçirilmiş, onun adını daşıyan sinif otağının açılışı olmuşdur. Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmış, şəhid Ziyad Muradovun adına sinif otağında şəhidin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilmiş, müəllim və sinif yoldaşlarının onunla bağlı xatirələri dinlənilmişdir. Tədbirdə şagirdlər tərəfindən Ziyada həsr edilmiş şeirlər və mahnılar oxunmuşdur. Bundan əlavə şəhidimizin yazdığı şeirlərindən ibarət olan “Vətən məni çağırdı” adlı kitabının təqdimat mərasimi olmuşdur. Sonda hər bir tədbir iştirakçısına kitabın bir nüsxəsi təqdim edilmişdir.
Tədbirdən sonra şəhidin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında mini futbol turniri keçirilmişdir. Olimpiya sistemi üzrə aparılan və 8 komandanın mübarizə apardığı turnirin qalibləri Nərimanov Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılıblar. Turnirin sonunda şəhidin atası Muradxan Muradova turnirin “Xatirə diplomu” və Dövlət Bayrağı təqdim olunmuşdur.
Şəhidin atası Muradxan Muradov çıxış edərək  övladı ilə qürur duyduğunu bildirmiş, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.

Keçidlər