Nərimanov rayonunda İcra Hakimiyyəti başçısının sakinlərlə növbəti səyyar qəbulu keçirilib
Vətəndaşların problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev YAP Nərimanov Rayon təşkilatının inzibati binasında sakinlərlə növbəti səyyar qəbul keçirib.
Görüşdə RİHBA-nın məsul şəxsləri, Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Qəbulda çıxış edən İcra hakimiyyətinin başçısı Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən müdrik siyasətin nəticəsində əldə olunan uğurlardan söz açaraq, həyata keçirilən işlərin hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət etdiyini diqqətə çatdırıb. Elgin Həbibullayev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin tarixi Zəfərlə başa çatmasının və azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng quruculuq işlərinin bu uğurlu siyasətin nəticəsi olduğunu xüsusi vurğulayıb.
Daha sonra qəbula gələn vətəndaşlar RİH başçısı tərəfindən fərdi qaydada dinlənilib, onların səsləndirdikləri problemlərin qısa müddətdə həll olunması istiqamətində tədbirlər müəyyənləşdirilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, təmir- tikinti məsələləri, tikinti şirkətlərinin fəaliyyətindəki nöqsanlar, işlə təmin olunma, müalicə və digər sosial yönümlü məsələlərlə bağlı olmuşdur.
Qəbulda iştirak edən sakinlər onların qayğılarının öyrənilməsi, problemlərinin həll edilməsi məqsədi ilə yerlərdə təşkil olunan səyyar qəbullara görə ölkə rəhbərliyinə təşəkkür və minnətdarlıqlarını bildiriblər.