Həştərxanda Heydər Əliyev adına 11 saylı orta məktəbin 75 illik yubileyi qeyd olunmuşdur
1 fevral 2013-cü il tarixində Rusiya Federasiyasının Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 saylı məktəbin əsasının qoyulmasının 75 illiyi ilə əlaqədar bayram tədbirləri keçirilmişdir.
Ümummilli Liderin adını daşıyan məktəbin akt zalında məktəbin özfəaliyyət dərnəkləri və dəvət olunmuş incəsənət xadimlərinin iştirakı ilə şənliklər keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasından qonaq qismində Nərimanov Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak etmişlər.
Qeyd edək ki, 11 saylı orta ümumtəhsil məktəbi Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Dövlətinin dəstəyi ilə 2011-ci ildə əsaslı təmir və rekonstruksiyasından sonra Ulu Öndər Heydər Əliyevin adını daşımağa başlamışdır. Bütün rekonstruksiya və təmir prosesində Nərimanov Rayon İcra Hakimiyyəti yaxından iştirak etmişdir.
Yubileylə bağlı tədbirlər yerli və Azərbaycandan ezam olunmuş kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.