Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyətində rayonun sosial-iqtisadi inkişafının 2012-ci ilin yekunlarının müzakirəsinə və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir

06 fevral 2013 | 16:00

Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, millət vəkili, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov, millət vəkilləri Adil Əliyev, Rasim Musabəyov iştirak etmişlər.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyəti binasının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoydular.
İclasda 270 nəfər, həmçinin kütləvi informasiya vasitələrinin və televiziya kanallarının nümayəndələri iştirak etmişdir.
İclasın gündəliyində duran «Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2012-ci ilin yekunları və qarşıda duran vəzifələr haqqında» Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin hesabat məruzəsi dinlənildi.
Məruzədə qeyd olundu ki, Nərimanov rayonunun qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi bu rayona da ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir. Fərəhləndirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci ildə 19 dəfə Nərimanov rayonunda olmuş, obyektlərin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə inşası davam edən obyektlərdə işlərin gedişatı ilə tanış olmuş, keçirilən Beynəlxalq və Respublika səviyyəli tədbirlərdə iştirak etmişdir.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Nərimanov rayonu üzrə 2012-ci il üçün 31 tədbir nəzərdə tutulmuşdur. Bu tədbirlərdən 15-i icra olunmuş, 12-si icra olunur. 3 tədbirin icrası gecikdirilir, 1 tədbirin icrası 2013-cü ilə keçirilmişdir. İcrası gecikdirilən tədbirlərin əsas səbəbi həmin müəssisələrdə məcburi köçkün ailələrinin məskunlaşması və onların digər yaşayış sahələri ilə təmin olunmaması olmuşdur.
Ötən dövr ərzində rayonun Xətai, Azadlıq prospekti, Ak.H.Əliyev, Ə.Əliyev, Ə.Rəcəbli küçələrinin yenidən qurulması işləri həyata keçirilmişdir.
Gənclik meydanında Nəqliyyat Nazirliyi tərəfindən yeraltı yol ötürücülərinin və yeraltı avtomobil dayanacağının inşa edilməsi, Vaqif prospektinin genişləndirilməsi, Z.Bünyadov prospektinin yenidən qurulması, bundan başqa “Gənclik” metro stansiyasının ətrafında yerləşən binaların fasadlarının milli memarlıq üslubunda yenidən qurulması, şəhərin baş planına uyğun digər layihələrin həyata keçirilməsi işləri davam etdirilmişdir.
Paytaxtın ümumi görkəminə xələl gətirən istismar müddətini keçmiş, yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində də Nərimanov rayonunda müvafiq tədbirlər görülür. Sökülməsi nəzərdə tutulmuş binalarda yaşayan sakinlər üçün həmin əraziyə yaxın yerdə yeni, müasir, milli memarlıq üslubunda, tam təmirli, geniş və yaraşıqlı binalar inşa edilir.
Rayonda yaşıllaşdırma, yeni park və xiyabanların salınması işləri də getdikcə daha böyük sürət alır. A.M.Cümə küçəsində 15 ha. ərazidə yeni salınmış parkda ağaclara lazımi aqrotexniki qulluq göstərilir ki, bu da ekoloji vəziyyətin yaxşılaşdırılması, burada əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinin təmin edilməsində mühüm rol oynayır.
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev həmçinin məruzəsində qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Nərimanov rayonunda 1, 2 və 3 nömrəli sahə inzibati ərazi dairələri üzrə icra nümayəndəlikləri yaradılmış və fəaliyyətə başlamışdır.
Rayon rəhbərliyi tərəfindən 2012-ci ildə yerlərdə 25 səyyar qəbul və görüş keçirilmişdir. Keçirilmiş qəbullarda rayon sakinləri, əmək kollektivlərinin üzvləri, məcburi köçkünlər rayon rəhbərliyi tərəfindən qəbul edilmişlər. Ötən dövr ərzində keçirilmiş 25 səyyar görüş və qəbullarda 1971 nəfər vətəndaş iştirak etmişdir.
Bu görüş və qəbullar zamanı edilən 192 müraciətdən 181-i (94,3 %) həll edilmiş, 11-i isə (5,7 %) nəzarətə götürülmüşdür.
Məruzədə həmçinin qeyd olundu ki, Nərimanov rayonu tərəfindən xarici ölkələrlə əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi sahəsində xeyli işlər görülmüşdür. Azərbaycan Respublikası və Rusiya Federasiyası, xüsusilə Rusiyanın Həştərxan və Volqoqrad vilayətləri arasında son illər ərzində iqtisadi-siyasi və mədəni sahələrdə sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur və sözügedən əlaqələr gündən-günə genişlənir və möhkəmlənir.
2012-ci il sentyabrın 12-də Həştərxan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Azərbaycan və Rusiya Dostluq körpüsünün və Heydər Əliyev parkında yaradılmış "Arzu" uşaq əyləncə şəhərciyinin açılışı, həmçinin Heydər Əliyev Fondunun növbəti layihələrindən biri olan Müqəddəs Knyaz Vladimirin məbədi önündə knyaz Vladimirin abidəsinin təməlqoyma mərasimləri keçirilmişdir.
Qarşılıqlı əməkdaşlığın bariz nümunəsi kimi, ötən ilin dekabrın 19-da Nərimanov rayonunun ərazisində yeni salınmış parkda Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə “Bakı və Həştərxan dostluğu” abidəsinin təməlqoyma mərasimi keçirilmişdir.
İclasda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxışında respublikanın sosial-iqtisadi və mədəni sahələrində əldə edilmiş nailiyyətlərin təhlilini verdi və Nərimanov rayonunda hesabat ilində görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirdi.
İclasda çıxış edən YAP–ın sədr müavini-icra katibi, millət vəkili Ə.Əhmədov, millət vəkilləri A.Əliyev, R.Musabəyov vaxtaşırı seçiciləri qarşısında hesabat verdiklərini qeyd edərək, ümumiyyətlə rayon ərazisində 2012-ci ildə görülmüş işləri yüksək qiymətləndirdilər və bu işlərin artan templə davam etdiriləcəyinə, Nərimanov rayonunun ölkəmizin inkişafına yeni töhfələr verəcəyinə əmin olduqlarını bildirdilər. Millət vəkilləri çıxışlarında həmçinin qarşıdan gələn Prezident seçkilərinə hazırlıq məsələlərinə də toxundular. Əli Əhmədov Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın möhkəmlənməsi və inkişafı istiqamətində, eləcə də Həştərxan vilayətində görülən irimiqyaslı işlərdə göstərdiyi xidmətlərə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif olunduğuna görə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevi təbrik etdi.
Məruzə ətrafında Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru N.Məmmədov, Rayon Gənclər və İdman İdarəsinin rəisi N.Novruzov, Rayon Qaz İstismarı İdarəsinin Təbii qazın qəbulu və satışı şöbəsinin rəis müavini M. Hətəmov, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru Ə.Musayev, Dəmiryol Liseyinin direktoru F.Abbasov, “Azərilmə” MMC-nin direktor müavini O.Rzayev çıxış edərək işlədikləri müəssisələrdə görülmüş işlər barədə hesabat verdilər.
İclasın sonunda rayonun ictimai həyatında fəallıq göstərən, dövlət qulluğunda, təhsil, səhiyyə, hüquq-mühafizə, xidmət sahələrində fərqlənən şəxslər Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldılar.
 

Keçidlər