Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir

09 fevral 2013 | 16:00

8 fevral 2013-cü il tarixində “Təfəkkür” Universitetində Nərimanov Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda Rayon Ağsaqqallar Şurasının üzvləri, həmçinin Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak etmişdir.
Tədbirin əvvəlində bu yaxınlarda dünyasını dəyişmiş respublika Ağsaqqallar Şurasının sədri, akademik Budaq Budaqovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Sadıqov hesabat məruzəsi ilə çıxış etmişdir. Natiq məruzəsində yaşlı nəslin bu günkü Azərbaycan cəmiyyətindəki rolundan danışmışdır. O, qeyd etmişdir ki dövlət və ictimai təşkilatlarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti də rəngarəngdir, yaşlı, ahıl insanların həyati tələblərindən irəli gələn aktual məsələlərlə zəngindir. Gənclər, orta nəslin nümayəndələri, hətta ahıllar da cəmiyyətdə gedən inkişaf proseslərində mütləq iştirak etməlidirlər.
M.Sadıqov həmçinin qeyd etmişdir ki, dinamik tərəqqisini yeni nailiyyətlərlə davam etdirən Azərbaycan qısa zaman kəsiyində artıq dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməyə müvəffəq olub. Elə bunun nəticəsidir ki, inkişafın Azərbaycan modelinə beynəlxalq səviyyədə bu gün kifayət qədər yüksək diqqət göstərilir, onun xarakterik xüsusiyyətləri geniş tədqiqat predmetinə çevrilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Prezident İlham Əliyev tərəfindən yeni çalarlarla daha zəngin hala gətirilən inkişaf strategiyası ölkəmizin beynəlxalq məkanın daha güclü subyektinə çevriləcəyinə mühüm təminat yaradır. Bir ictimai təşkilat kimi, Ağsaqqallar Şurası hesabat dövründə Rayon İcra Hakimiyyətinin köməyi ilə öz fəaliyyətində gənclər arasında təlim tərbiyə işlərinə, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına, xoşagəlməz səmərəsiz işlərdən uzaq olub faydalı əməklə məşğul olmalarına, vətənə layiq övlad kimi yetişmələrinə və bu kimi məsələlərə daha geniş yer vermişdir.
Rayon ağsaqqalları təşkil olunan iməciliklərdə, abadlıq, yaşıllaşdırma işlərində yaxından iştirak etmişlər.
Daha sonra yığıncaqda söz alan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etmişdir ki, rayonun sosial-iqtisadi inkişafında və ictimai həyatında qazandığı uğurlarda rayon ağsaqqallarının da müəyyən payı vardır. Hesabat dövrü ərzində rayon ağsaqqallarının rayon əhəmiyyətli tədbirlərdə fəal iştirakını, gənc nəslə vətənpərvərlik hisslərinin aşılanmasında, ictimai həyatda fəal iştirakını yüksək qiymətləndirmişdir.
Yığıncaqda həmçinin Rayon Ağsaqqallar Şurasının yeni sədrinin seçilməsi prosesi keç. Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika elmləri üzrə fəlsəfə doktoru Həsənov Miri Bilal oğlunun yekdilliklə Rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir. Həsənov Miri hər kəsə öz təşəkkürünü bildirmiş və şura üzvlərinin etimadını doğrultmağa çalışacağını qeyd etmişdir.
Yığıncağın sonunda gedişata uyğun olaraq Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri və şura sədrinin müavinləri seçilmişdir.
Yekunda Respublika Ağsaqqallar Şurasının qurultayında iştirak edəcək 5 nəfər nümayəndə seçilmişdir.
 

Keçidlər