Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir

26 fevral 2013 | 16:00

Əvvəlcə, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş  həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xocalı faciəsinin başvermə səbəbləri haqqında ətraflı məlumat verərək bildirmişdir ki, həmin gecə erməni cəlladları və onların havadarlarının Xocalıda törətdikləri qırğınlar 20-ci əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşmüşdür.
O, Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləmiş, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışmış, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirmişdir.
A.Fərzəliyev demişdir ki, bir gecənin içində Xocalının yer üzündən silinməsində keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı da yaxından iştirak etmiş, şəhərin dinc əhalisinə divan tutulmasında canfəşanlıq göstərmiş, nəticədə görünməmiş vəhşiliklər törədilmişdir. Bu qanlı faciə zamanı dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərinin taleyi hələ də məlum deyildir. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Qadınlar, qocalar, uşaqlar, hətta südəmər körpələr qəddarlıqla qətlə yetirilmiş, süngüdən keçirilmişlər.
Natiq  çıxışında qeyd etmişdir ki, Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilmiş, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilmişdir. Ulu öndər Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. Ümummilli lider hər il faciənin ildönümündə Xocalı soyqırımı ilə bağlı xalqa müraciət etmiş, faciənin bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini daim vurğulamışdır.
          Daha sonra millət vəkili Adil Əliyev çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımlar bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. 
Xocalıdan olan şəhid ailəsi Mehriban Əliyeva bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən də Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayaraq ölkəmizin daim yüksələn xətlə dinamik inkişafı və bu istiqamətdə dövlətimizin başçısının rəhbərliyi altında aparılan geniş quruculuq işlərinin daha böyük nəticələrin əldə ediləcəyinə ümidləri daha da artırdığını söyləmişdir.
Mərasim iştirakçıları Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına,  Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına ümidvar olduqlarını bildirmişlər.
Rəsmi hissədən sonra tədbir Odlar Yurdu Universitetinin tələbələrinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş və burada törədilən dəhşətləri əks etdirən “Son güllə” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və nəhayət, rayonun ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri iştirak etmişlər.

Keçidlər