Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş “Xocalı” tamaşası nümayiş etdirilmişdir
26 fevral 2013-cü il tarixdə Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Nərimanov Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin dəstəyi, AMİ-nin tələbə gənclər təşkilatının və “Təkan” Tələbə Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı bildirmişdir ki, erməni millətçiləri tarix boyu “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün saxta ideoloji tezislər formalaşdırmış, terrorçu təşkilatlar yaratmış, türk və Azərbaycan xalqlarına qarşı genişmiqyaslı qətllər, vəhşiliklər törətmiş, yüzlərlə yaşayış məntəqəsini, minlərlə günahsız insanı məhv etmişlər. 1992- ci il fevralın 25-dən 26-na keçən gecə qədim Xocalı şəhərində erməni cəlladları tərəfindən törədilmiş qətliam bütün bu vəhşiliklərin zirvəsində dayanan, dünya tarixində bənzəri olmayan qanlı soyqırımı aktıdır.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov öz çıxışında Xocalı soyqırımı haqqında geniş məlumat vermiş və bildirmişdir ki, Azərbaycanın bütövlüyü və müstəqilliyinin qorunması uğrunda yorulmadan mübarizə aparan Prezident İlham Əliyev çıxışlarında respublikamızın müstəqil dövlət kimi daim yaşayacağını dəfələrlə vurğulamışdır. Artıq bütün dünya beynəlxalq görüşlərdə və rəsmi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, müdafiə edir. Bu gün Azərbaycan Respublikası dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi və sosial-siyasi islahatların dərinləşməsi, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu istiqamətində güclü və uğurlu addımlar atır, nailiyyətlər qazanır.
Tədbirdə AMİ-nin ictimai fənlər kafedrasının müdiri, tarix elmləri doktoru Qafar Cəbiyev və digər çıxış edənlər Xocalı faciəsinə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsinin vacibliyini vurğulamışlar.
Tədbirdə faciənin dəhşətlərini əks etdirən “Xocalı” tamaşası nümayiş etdirilmişdir. Şair Zərəngiz Dəmirçi Qayalının “Cavab ver” poeması əsasında səhnələşdirilmiş tamaşanın rejissoru Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Günay” Uşaq Teatrının rəhbəri və rejissoru Larisa Tarusova, baletmeysteri Günəş Talıblı, ideya rəhbəri “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlıdır.
Tədbir çərçivəsində institutun foyesində tələbələrin Xocalı soyqırımını əks etdirən əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur.