Şriftin ölçüsü :

Saytın rəngi :

Gözdən əlil və zəif görənlər üçün pulsuz tam tibbi müayinə aksiyası keçirilmişdir

02 mart 2013 | 16:00

Nərimanov Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və “Təkan” Tələbə Gənclər İctimai Birliyi tərəfindən 1 mart 2013-cü il tarixdə Azərbaycan - İsrail Beynəlxalq Tibb Mərkəzində kor və zəif görənlər üçün 5 nömrəli respublika internat məktəbinin bir qrup şagirdlərinin tam tibbi müayinə edilməsi aksiyası keçirilib.
Aksiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının “Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi” bəndinin icrasını təmin etmək məqsədi ilə təşkil olunmuşdur.
Aksiyanı açıq elan edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirib ki, tədbirin keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi, gənclərin sağlamlığının qorunmasıdır.
Daha sonra çıxış edən Tibb mərkəzinin direktoru Səbinə Əlizadə bildirib ki, İsrailin tibb mərkəzi Azərbaycanda ilk dəfədir: “Bu kimi layihələrdə iştirak etmək olduqca vacibdir. Bu gün həyata keçirilən aksiyada bütün müayinələr pulsuz olacaq”.
Digər çıxışçılar Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdiri İ.Mahmudova, “Təkan” Tələbə Gənclər İctimai Birliyinin sədri L.Kərimova belə tədbirlərin müntəzəm olaraq keçirilməsinin vacibliyindən, gənclərə qayğının göstərilməsindən danışdılar.
Çıxışlardan sonra aksiya iştirakçıları olan gənclər tibbi müayinədən keçdilər.

Keçidlər