Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ilə əlaqədar Bakıda təşkil olunacaq satış yarmarkalarının ünvanları açıqlanmışdır

08 mart 2013 | 16:00

Novruz bayramı ilə əlaqədar əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədi ilə İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları sahibkarlarla birlikdə martın 16-dan 19-dək Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkalarını təşkil edəcəklər.
İstehlakçılar yarmarkalarda müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, yarmarkalar Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 6 nömrəli peşə liseyinin həyəti; Xətai rayonu, “Bakı” kinoteatrının yanı; Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi; Nəsimi rayonu “Təzə bazar”ın ərazisi; Səbail rayonu Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı; Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2; “Günəş” ticarət mərkəzinin yanı; Yasamal rayonu, Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin yanında təşkil olunacaqdır.
Bununla yanaşı, Novruz bayramı ərəfəsində və bayram günlərində keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli malların satışının qarşısının alınması məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri daha da gücləndiriləcək.

Keçidlər