14 iyun 2023-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin iclas zalında 15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar elm xadimləri və ziyalıların iştirakı ilə dəyirmi masa keçirilib.
Tədbirdə giriş nitqi ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev çıxış edərək bildirib ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində böyük əhəmiyyəti olan günlərdən biri 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanı tarixin ən çətin sınaqlarından müdrikliklə çıxararaq, hər zaman xalqının yanında oldu.
Digər natiqlər çıxış edərək bildirdilər ki, Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.