Prezident İlham Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istifadəyə verilmiş yeni korpusunda yaradılan şəraitlə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istifadəyə verilmiş yeni korpusunda yaradılan şəraitlə tanış olmuşdur.
Dövlətimizin başçısının göstərişi ilə ölkə həyatının bütün sahələrində abadlıq və quruculuq tədbirləri ardıcıl olaraq həyata keçirilir, genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır. Respublikamızın hər yerində yeni-yeni elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət obyektləri inşa olunur, mövcud binalar isə əsaslı şəkildə yenidən qurulur.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusu da ən müasir standartlara uyğun olaraq inşa edilmişdir. Bu akademiya 2002-ci ildə Prezidentin Fərmanı ilə yaradılmışdır. Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə peşəkar kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində təsviri sənət, memarlıq və dizayn, sənətşünaslıq fakültələri, qrafika, rəngkarlıq, heykəltəraşlıq, dizayn, memarlıq, geyim dizaynı, dekorativ tətbiqi sənət, humanitar və ictimai fənlər, təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedraları fəaliyyət göstərir. Akademiyada təcrübəli və peşəkar pedaqoji kollektiv çalışır.
Akademiyanın rektoru Ömər Eldarov Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, üçmərtəbəli yeni korpusun ümumi sahəsi 6500 kvadratmetrdir. Yeni korpus yüksək standartlara uyğun olaraq müasir memarlıq üslubunda inşa edilmişdir. Binanın daxili tərtibatı da xüsusi zövqlə işlənilmişdir. Yeni korpusda 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya və emalatxanalar yaradılmışdır. Sinif otaqları, kabinetlər və təcrübə laboratoriyaları ən müasir avadanlıq və ləvazimatla təchiz olunmuşdur.
Dövlətimizin başçısı yeni binanın ayrı-ayrı otaqlarını və təcrübə emalatxanalarını gəzdi, yaradılan şəraitlə yaxından tanış oldu.
Sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının pedaqoji kollektivi ilə görüşdü.
Akademiyanın rektoru Ömər Eldarov pedaqoji kollektiv adından Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Dövlətimizin başçısı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusunun istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etdi.
Sonda xatirə şəkli çəkdirildi.