“ASAN xidmət”ə 32 min 754 vətəndaş müraciət etmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə cari il yanvarın 15-dən martın 17-dək 32 min 754 vətəndaş müraciət etmiş, xidmətlərdən yararlanmışdır.
Müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyət, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar sayca çoxdur.
Pilot layihə çərçivəsində mərkəz Bakının bir sıra rayonlarında, o cümlədən Nərimanov rayonunda qeydiyyatda olan vətəndaşlara xidmət göstərir.
1 saylı Bakı “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi 23 adda xidmət həyata keçirir.
Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi 36 ünvanında yerləşən mərkəz həftənin bütün günləri saat 10:00-dan 20:00-dək, bazar günləri isə saat 11.00-dan 17:00-dək vətəndaşların istifadəsindədir