Bakıda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkaları başlamışdır
İqtisadi İnkişaf, Kənd Təsərrüfatı nazirliklərinin və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 16-dan etibarən Bakıda Novruz bayramı ilə əlaqədar ərzaq və kənd təsərrüfatı mallarının satışı yarmarkalarının keçirilməsi qərara alınmışdır.
Xalqımızın ən əziz bayramı ərəfəsində təşkil olunan yarmarkaların məqsədi əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.
Bu məqsədlə martın 16-dan başlayaraq Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının bayram satış yarmarkaları başlamışdır. Bayram yarmarkalarına mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz, ərzaq və digər məhsullar çıxarılmışdır.
Şənbə günü Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş yarmarkada qırmızı lentlərlə bəzədilmiş yaşıl səmənilər bir bahar təravəti yaratmışdı. Hər yanda canlanma, şənlik var idi. Buradan səsi ətrafa yayılan qara zurnanın sədaları Novruzun gəlişini təsdiqləyirdi. Alıcılar və satıcılar bayram ovqatında idilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, bu gün yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan rayonlarından 39,6 ton kənd təsərrüfatı məhsulları və Goradil broyler fabrikindən 3 min ədəd yumurta, 4 min dəstə göyərti, 2 min ədəd bayram səmənisi gətirilmişdir.
Yarmarkada ilk baxışdan səliqə-sahman, bolluq və canlanma gözə çarpır, çeşidlərin bolluğu hiss olunurdu. Alıcılara mövsümə uyğun məhsullar, o cümlədən balqabaq, kartof, soğan, pomidor, xiyar, kələm, yerkökü, çuğundur ət, ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi. Məhsullar arasında Novruz süfrələrinin bəzəyi olan müxtəlif çərəzlər də üstünlük təşkil edirdi.
Şəhər sakinləri Novruz bayramı ərəfəsində daha çox qoz, fındıq, badam və digər çərəzləri növbə ilə alırdılar. Sakinlər yarmarkada məhsulların təzə və keyfiyyətli, bazarlardakından 25-30 faiz ucuz qiymətə satılmasından razılıq edirdilər.
S.Seyfəddinov bayram yarmarkasının martın 19-dək davam edəcəyini, bu müddətdə əhaliyə 68,3 ton məhsul, 5 mindən çox yumurta satılacağını bildirdi.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirdilər