Bakı məktəblilərinin minifutbol üzrə yarışı başa çatmışdır
Bakının Nərimanov rayonundakı Bağça-Məktəb-Lisey Kompleksinin futbol meydançasında XXIV spartakiadanın proqramına daxil olan minifutbol üzrə paytaxt məktəbliləri arasında yarış keçirilmişdir.
Yarışın açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) sektor müdiri, spartakiadanın baş hakimi Adil Ağayev, Nərimanov Rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və digər rəsmi şəxslər çıxış edərək gənc futbolçulara uğurlar arzulamışlar.
BŞGİBİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yarışda Bakının 11 rayon komandası mübarizə aparmışdır. Turnirdə Nərimanov rayon komandası birinci, Səbail rayon komandası ikinci, Xətai rayon komandası üçüncü yeri tutmuşdur.
Qalib komandaların üzvlərinə xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlar təqdim edilmişdir.