Bakıda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkaları başa çatmışdır
İqtisadi İnkişaf, Kənd Təsərrüfatı nazirliklərinin və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 16-dan etibarən Bakıda Novruz bayramı ilə əlaqədar ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkaları açılmışdır.
Xalqımızın ən əziz bayramı ərəfəsində təşkil olunan yarmarkaların məqsədi əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.
Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə fəaliyyət göstərən bayram yarmarkalarına mövsümə uyğun olaraq əsasən meyvə-tərəvəz, ərzaq və digər məhsullar çıxarılmışdır.
Martın 19-da paytaxtda bayram satış yarmarkaları başa çatmışdır.
Martın 16-dan 19-dək Nərimanov rayonundakı Ə.Əliyev küçəsində təşkil olunmuş bayram yarmarkasında Xaçmaz, Tərtər, İmişli, Salyan rayonlarından gətirilmiş 68, 3 ton məhsul, həmçinin Goradil broyler fabrikindən daxil olmuş 5 mindən çox yumurta, 4 mindən çox səməni satılmışdır.