Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Dəmiryolu Liseyinin 90 illik yubileyi qeyd edilmişdir

31 mart 2013 | 16:00

Martın 30-da Nərimanov rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Dəmiryolu Liseyində bu təhsil müəssisəsinin fəaliyyətə başlamasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları foyedə liseyin 90 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olmuşlar.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Təhsil naziri Misir Mərdanov, digər hökumət nümayəndələri, respublikanın görkəmli elm xadimləri, veteran dəmiryolçular, liseyin məzunları olmuş tanınmış insanlar iştirak etmişlər.
31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə təhsil naziri Misir Mərdanov açaraq ölkəmizdə peşə təhsili sisteminin keçdiyi şərəfli tarixi yola nəzər salmış, liseyin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, bu gün Azərbaycanın peşə təhsili sistemində ilk təhsil ocağı sayılan və böyük tarixə malik olan Dövlət Dəmiryolu Liseyinin fəaliyyətə başlamasının 90 ili tamam olur. Təhsil müəssisəsi fəaliyyəti dövründə dövlət dəmir yolları və Bakı Metropoliteni üçün ixtisaslı kadrların hazırlanması işini uğurla davam etdirmişdir. Hazırda ölkəmizdə 100-dən çox peşə məktəbi və peşə liseyi vardır.
Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsində peşə təhsilinin inkişafında da bir sıra mühüm nəticələrə nail olunmuşdur. Belə ki, son illərdə respublikamızda 20-dən çox peşə məktəbinin binası əsaslı təmir olunmuş, yeni peşə məktəbi binaları tikilmişdir. Bunun nəticəsində bu sahədə təhsil almaq istəyən gənclərin sayı artmışdır. Həmçinin hər il peşə təhsili almış gənclərin yarısı işlə təmin olunurlar. Keçən 90 il müddətində bu peşə məktəbinin 40 minə yaxın məzunu olmuşdur.
Vurğulanmışdır ki, peşə təhsili Azərbaycanın təhsil sisteminin əsas tərkib hissələrindən biridir. Bu təhsil sistemi ölkəmizdə özünün ən yüksək inkişaf səviyyəsinə ötən əsrin 70-80-ci illərində, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə çatmış və qısa zamanda respublikamızda 186 peşə məktəbi fəaliyyət göstərmişdir.
Xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev yenidən bu sahəyə diqqət və qayğısını artırmışdır. Bu siyasət onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə 100-dən çox peşə məktəbi fəaliyyət göstərir.
Respublikamızda peşə təhsili sistemini inkişaf etdirmək məqsədilə son illərdə biz dünyanın inkişaf etmiş ölkələri - Koreya Respublikası, Almaniya, Türkiyə, İsveçrə ilə bir sıra layihələr həyata keçiririk. Yaxın vaxtlarda Bakı, Göyçay, Ağstafa və Sumqayıtda müasir tələblərə cavab verən bir neçə peşə təhsili məktəbi yaradılacaqdır.

Keçidlər