Nərimanov rayonunda 31 mart Azərbaycanlıların Soyqrımı Günü ilə bağlı tədbir keçirilmişdir
Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının akt zalında Nərimanov Rayon İcra Hakimiyyəti və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatşılığı ilə 31 mart Azərbaycanlıların Soyqrımı Günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, YAP Nərimanov rayon təşkilatının üzvləri, tarixçilər, ziyalılar, müəssisə və təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
YAP Nərimanov rayon təşkilatının foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuşdur.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açmışdır.
Tədbirdə çıxış edən tarixçilər, ali məktəb müəllimləri, professorlar soyqırımın ölçüləri və qurbanlarının sayı barəsində geniş məlumatlar vermişlər. Xüsusilə vurğulanmışdır ki, təkcə ötən əsrdə Azərbaycan əhalisi dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən insan hüqüqlarının pozulmasına, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşaiyət olunan etnik təmizlənməyə və deportasiyaya məruz qalmışdır. Qeyd edilmişdir ki, Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də bu cür qanlı faciələr törədilib. Mart hadisələri zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadığı 150-dən çox kənd xarabalığa çevrilib, Şuşada görünməmiş qırğınlar törədilib. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilib, məscidlər, məktəblər yandırılıb, dağıdılıb. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilib, əhalisi qətlə yetirilib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev faciənin nəticələri barədə tədbir içtirakçılarına məlumat vermiş, gənc nəslə bu soyqırım haqqında dolğun məlumatların verilməsinin əhəmiyyətindən danışmış, bu işdə orta və ali məktəb müəllimlərinin rolunu xüsusilə vurğulamışdır. O, həmçinin gənclərin tariximizin bu səhifələrinə diqqəti yönəltməsinin vacibliyini qeyd etmişdir.
Natiq həmçinin qeyd etmişdir ki, xalqımıza qarşı yürüdülən soyqırım və deportasiya siyasəti ağır maddi və mənəvi zərbələr vurmuşdur, lakin uzun illər ərzində bu acı həqiqət dünya ictimaiyyətinə çatdırılmamış, erməni vəhşiliyinə siyasi qiymət verilməmişdir. Yalnız Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdığı soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur. Məhz xalqımıza qarşı törədilmiş ağır cinayətlərə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin «Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci il tarixli fərmanı ilə hüquqi-siyasi qiymət verilmişdir.
31 mart soyqırımı qan yaddaşının təməlinə şovinizm hakim olan ermənilərin törətdiyi qanlı faciələrin ən dəhşətlisi idi. Bütün bunlara baxmayaraq, soyqırımı törədənlər cəzasız qalıblar, 31 mart soyqırımı beynəlxalq səviyyədə hüquqi qiymətini almayıb. Məhz bunun qarşısını almaq məqsədilə ölkə rəhbərliyi səviyyəsində 1918-ci il Azərbaycanlıların Soyqırımının Dünya miqyasında tanınması uğrunda son illər xeyli işlər görülmüşdür və görülməkdə davam edir. Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.