Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 13-16 may tarixlərində Rusiya Federasiyasının Həştərxan şəhərinə işgüzar səfər etmişdir
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Valeh Hacıyev, millət vəkili Adil Əliyev və İcra Hakimiyyətinin nümayəndə heyəti cari ilin 13-16 may tarixlərində Rusiya Federasiyasının Həştərxan şəhərinə işgüzar səfər etmişdir.
Səfərin əsas məqsədi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə Həştərxan vilayətində keçirilən tədbirlərdə iştirak etməkdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə dövlətimiz tərəfindən Həştərxan şəhərində inşa olunan “Rusiya və Azərbaycan Dostluğu” körpüsündə aparılan tikinti işlərinin gedişatı ilə tanış olmaqdan və həyata keçiriləcək digər sosial layihələrlə bağlı məsələləri müzakirə etməkdən ibarət idi.
Mayın 14-də Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin dövlət və hökumət orqanlarının rəhbərləri, Ümumrusiya Azərbaycan Konqresinin Baş katibi M.Hüseynov, vilayətdə fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri, xarici dövlətlərin diplomatik korpuslarının nümayəndələri ilə birlikdə Həştərxan şəhərində Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda ucaldılmış ulu öndərin abidəsini ziyarət etmiş, Azərbaycan dövləti və Həştərxan vilayətinin administrasiyası adından önünə əklillər və tər gül dəstələri qoymuş, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad etmişlər. Tədbirin davamı olaraq Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə beynəlxalq konfrans keçirilmışdir. Beynəlxalq konfransda ilk olaraq Ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin məruzəsi dinlənilmiş, sonra isə Həştərxan vilayətinin dövlət və hökumət orqanlarının rəhbərləri, məktəb rəhbərliyi çıxış etmişlər.
Tədbirin sonunda Heydər Əliyev adına 11 nömrəli orta məktəbin 6 müəllim və 10 şagirdinə Heydər Əliyev Fondu tərəfindən ayrılmış növbəti rübün təqaüdləri təqdim olunmuşdur. Eyni zamanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin təşkilatçılığı ilə keçirilmiş inşa müsabiqəsində fərqlənmiş məktəbin 3 şagirdinə təşkilatçılar adından diplom və hədiyyələr təqdim olunmuş, Nərimanov Rayon İcra Hakimiyyəti adından isə noutbuklar hədiyyə edilmişdir.
Həmin gün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxan vilayətinin qubernatoru cənab Aleksandr Jilkinlə görüşmüşdür. Görüşdə Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında son zamanlar intensiv templə inkişaf edən münasibətlərdən, Azərbaycan dövləti tərəfindən Həştərxan vilayətində həyata keçirilən layihələrdən danışılmış, eləcə də knyaz Vladimirin heykəlinin ucaldılması və digər genişmiqyaslı sosial layihələrin həyata keçirilməsi, qarşılıqlı münasibətlərin perspektivləri və inkişafı ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Dostluq və işgüzarlıq şəraitində keçirilmiş həmin görüşdə hər iki tərəf əminliklə bildirmişdir ki, Azərbaycanın Həştərxan vilayətində gerçəkləşdirdiyi layihələr iki ölkə arasındakı dostluğu daha da möhkəmləndirir və xalqları yaxınlaşdırır. Bu dostluq əlaqələri gələcəkdə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Mayın 15-də Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxan şəhərində Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda inşa edilən, I Pyotr və Heydər Əliyev abidə komplekslərini birləşdirən “Rusiya və Azərbaycan Dostluğu” körpüsündə aparılan tikinti işlərinin gedişatı ilə tanış olmuşdur. Hazırda körpünün tikintisində son tamamlama işləri görülməklə yanaşı, həmçinin ətraf ərazinin də abadlaşdirılmasına başlanılmışdır. İki ölkə arasındakı sarsılmaz dostluğun rəmzi olan bu körpünün açılışı 15 iyun - Milli Qurtuluş Gününə nəzərdə tutulur.
Səfər çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin mayın 15-də Həştərxan şəhərinin meri Mixail Stolyarovla görüşü olmuş, görüşdə Həştərxan və Azərbaycan arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi və digər məsələlər müzakirə edilmişdir. Həmçinin görüş zamanı Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin adını daşiyan parkın ərazisində Uşaq Əyləncə Mərkəzinin salınması məsələsi də müzakirə olunmuş, təklif olunan yerə baxış keçirilmiş, yaxın zamanlarda layihənin reallaşdırılması istiqamətində müvafiq işlərə başlanılması planlaşdırılmışdır.