İyunda Volqoqrad vilayəti Rusiya-Azərbaycan Forumunu qəbul edəcək
Azərbaycan nümayəndə heyətinin Volqoqrad vilayətinə səfəri zamanı Azərbaycan tərəfindən Volqoqrad şəhərində yerləşən parklardan birini abadlaşdırılması və digər əməkdaşlıq üzrə məsələlər müzakirə edilmişdir. Səfər zamanı keçirilmiş görüşlər proqramı çərçivəsində qubernator S.Bojenov, hökumətin rəhbərliyi və Volqoqrad vilayətində daimi yaşayan həmvətənlərimizlə söhbət və müzakirələr aparılmışdır.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdən, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdan və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayevdən ibarət Azərbaycan nümayəndə heyəti uzunmüddətli əməkdaşlığa, xüsusilə də sosial layihələrin həyata keçirilməsinə hazır olduğunu bildirmişdir. Belə ki, Azərbaycan dövləti tərəfindən Volqoqrad şəhərində “Bakı” parkının salınması, orada dostluq rəmzi olan abidənin ucaldılması və ətraf ərazinin abadlaşdırılması nəzərdə tutulmuş, bununla bağlı səfər zamanı ayrılmış 6 hektarlıq əraziyə baxış keçirilmişdir. Bundan əlavə, Azərbaycan tərəfi xeyriyyə işlərini həyata keçirəcəkdir. Qonaqlar hamiliyə götürülməsi nəzərdə tutulan Volqoqrad şəhərində yerləşən 4 saylı internat məktəbində olmuş, aparılacaq təmir-bərpa işlərini yerində müəyyənləşdirmişlər. Qeyd etmək lazımdır ki, həmin internat məktəbində 1987-ci ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev görüş keçirmiş və bu məktəbə böyük qayğı ilə yanaşmışdır.
İkitərəfli əməkdaşlığın digər istiqaməti iqtisadiyyat olacaqdır. Azərbaycan Respublikası Volqoqrad vilayətinin xarici ticarət sferasında ilk onluğa daxildir. İki tərəflər arasında 2012-ci ildə xarici ticarət dövriyyəsi 140 milyon ABŞ dollarından artıq təşkil etmişdir. Qubernator S.Bojenovun sözlərinə əsasən bu gün vilayətin hökuməti Azərbaycan investorları üçün bir sıra yeni sənaye və infrastruktur layihələrini təklif etməyə hazırdır və Azərbaycan ilə uzunmüddətli əməkdaşlıq sazişini imzalamaq niyyətindədir. O, belə bir sazişin mövcud olmadığını və hal-hazırda həmin sənədin hazırlandığını vurğulamışdır.
İki tərəflər arasında iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq sazişinin Volqoqrad vilayətində cari ilin iyun ayında keçiriləcək Rusiya-Azərbaycan Forumu çərçivəsində imzalanması planlaşdırılır.